Bu təxribat şousu da iflasa uğrayacaq - ÖZƏL
31 İyul 2023 10:49 Siyasət"Təəssüf doğuran məqamlardan biri də avropalı diplomatların təxribat planının iştirakçısına çevrilməsidir. Belə ki, "humanitar karvan" yola salınmazdan əvvəl Ermənistandakı bəzi diplomatik nümayəndələr Ermənistan XİN-ə dəvət olunub, "zəruri planlama" aparııb. Ardınca isə Qərbin siyasi missionerləri "humanitar karvan"dan qabaq Laçın nəzarət-buraxılış məntəqəsinin yaxınlığında peyda oldu". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclis sədrinin müavini Fəzail İbrahimlinin sözlərinə görə, bu diplomatlar unudur ki, Azərbaycan tərəfinin addımları beynəlxalq hüquq normaları ilə müəyyənləşib: "Hər dövlətin sərhədi və sərhəd-keçid məntəqələri olduğu kimi, Azərbaycanın da qonşu dövlətlərlə sərhəd-keçid məntəqələri yaratması və burda öz suveren hüquqlarını qoruması təbiidir. Məqsəd həqiqətən də humanitar yüklər və keçidlər üçün istifadədirsə, heç bir problem yoxdur, Azərbaycan dövləti bunun üçün alternative marşurut təklif edib. Ermənilərin havadarları Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, öz iddialarından əl çəkməlidir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilər üçün yüklərin daşınması üçün Ağdam-Xankəndi marşrutundan istifadə oluna bilər. Bakının təklif etdiyi marşrutu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel də təqdir və qəbul edib. Belə çıxır ki, indi "narahat" olan, ermənilərin şousuna qatılan Aİ nümayəndələri Ş.Mihelin mövqeyini heçə sayırlar?! Son təxribat bölgədə sülhün bərqərar olmasına yox, yeni hərbi əməliyyatlara təkan verməyə yönəlib. İndi narahat olduqlarını deyən və Azərbaycana təzyiq göstərməyə çalışan avropalı siyasətçilər faktiki olaraq erməni separatçılığını, revanşizmini və aqressiv radikalizmini dəstəkləyir, Azərbaycanın ərazi bütövlüyünə sayğısızlıq nümayiş etdirir, ən başlıcası isə, mövqelərimizdən zərrə qədər geri çəkilməyəcəyimizi anlamırlar. Onlar hesab edirlər ki, Azərbaycana bu təzyiqi etməklə ölkəmizi öz suveren hüquqlarından imtina etməyə nail olacaqlar. Amma unudurlar ki, Qarabağ Azərbaycan ərazisidir. Dünyanın heç bir yerində elə bir ölkə yoxdur ki, onun sərhədlərini istənilən vaxt, istənilən şəkildə humanitar yardım adı ilə pozub, qeyri-qanuni ora daxil olasan. Bu təxribat şousu da iflasa uğrayacaq".