Ermənistanın mina xəritələrini təqdim etməkdən yayınması müharibə cinayətidir - ÖZƏL

"Türk dünyasının mədəniyyət paytaxtı Şuşada "4-cü sənaye inqilabı və yeni media" başlığı altında keçirilən Qlobal Media Forumu iştirakçıları arasında keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı ilə bağlı dövlət başçısının proqnozları ilə maraqlananlar da oldu. Prezident İlham Əliyev azad olunmuş ərazilərdə aparılan quruculuq-abadlıq işlərindən danışaraq bu suala da aydınlıq gətirdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkil Cavanşir Feyziyevin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insan doğma yurduna qaytarılacaq: "Otuzdan çox şəhər və kəndin Baş planı təsdiqlənib. Bir çox kəndlərin təməli qoyulub. Şəhərlərin Baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınıb. Azərbaycan Prezidenti Forumda bildirdi ki, Böyük Qayıdışa mane olan ən böyük problem ərazilərin ermənilər tərəfindən minalarla həddindən artıq çirkləndirilməsidir. O, qeyd etdi ki, yalnız müharibədən sonrakı müddət ərzində 300-dən artıq adam mina partlayışlarının qurbanı olub. Ermənistanın mina xəritələrini təqdim etməkdən yayınmasını isə dövlətimizin başçısı müharibə cinayəti kimi dəyərləndirdi. Minatəmizləmə proseslərinin sürətləndirilməsi üçün dövlət tərəfindən atılan addımlar barəsində jurnalistlərə geniş məlumat verildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31