Media qarşısında yeni hədəf və məqsədlər müəyyənləşdirildi - ÖZƏL

"Azərbaycan daha bir beynəlxalq tədbirə evsahiblik etdi. Həm erməni informasiya maşınına zərbə vurmaq, həm də postmüharibə dövründə işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işlərinin xarici kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edərək dünya birliyinə çatdırmaq baxımından bu tədbir kifayət qədər əhəmiyyətli idi. Tədbiri əhəmiyyətli edən digər bir nüans, əsas məqam isə onun Qarabağın mədəniyyət paytaxtı Şuşada keçirilməsi idi". Bu fikirləri "OLAYLAR"-a "Mili İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Şuşada baş tutan Qlobal Media Forumunu şərh edərkən səsləndirib. Arzuman Muradlı diqqətə çatdırıb ki, sözügedən forum həmçinin, Azərbaycana qarşı beynəlxalq səviyyədə informasiya savaşı aparan və dünyanı öz yalanlarına inandırmaq istəyən erməni informasiya maşınını zərərsizləşdirmək baxımından da xüsusi önəm kəsb edirdi".

İctimai Birlik sədri diqqətə çatdırıb ki, Forumda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xarici media nümayəndələrinin suallarını geniş və əhatəli şəkildə cavablandırdı, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar barədə xarici KİV-ləri ətraflı şəkildə bilgiləndirdi:

"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin forumun sual-cavab bölümündə diqqət çəkdiyi əsas məsələ ondan ibarət oldu ki, Azərbaycanın qələbəsini həzm etməyən qüvvələr hələ də var və bu gün həmin qüvvələr Azərbaycana qarşı kampaniya aparırlar. Cənab Prezidentin də qeyd etdiyi kimi bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk".

Arzuman Muradlı onu da deyib ki, dövlət başçısı Forumda çıxışı zamanı Azərbaycan KİV-ləri qarşısında da müəyyən vəzifələr və hədəflər müəyyənləşdirmiş oldu. İctimai Birlik sədri əmin olduğunu bildirib ki, yerli KİV-lər dövlət başçısının qarşıya qoyduğu hədəf və məqsədlə istiqamətində uğurlu fəaliyyət göstərəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31