Ümummilli Liderin atdığı addımlar dövlətçilik baxımından əhəmiyyətli idi - ÖZƏL
24 İyul 2023 10:46 Siyasət"Ümummilli Lider Heydər Əliyevin atdığı addımlar tarixi və dövlətçilik ənənələrinin bərpası baxımından çox mühüm əhəmiyyətə malik idi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı: "Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı. Həmçinin Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Muxtar Respublika ərazisindən çıxarıldı. Eyni zamanda, Ulu Öndərin təşəbbüsü əsasında 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edilməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar verilməsi milli siyasətin mühüm tərkib hissəsi idi. Bunlarla yanaşı, blokada şəraitində olan Muxtar Respublikanın qonşu ölkələrlə, o cümlədən Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrinin inkişafı ilə bağlı mühüm addımların atılması sosial-iqtisadi inkişafın təmin olunması baxımından böyük önəm daşıyırdı".