Ermənistana öz mövqeyində dəyişiklik etmək üçün təzyiq göstərilməlidir - ÖZƏL

"Azərbaycan regionda hər zaman sülhə xüsusi dəyər verir. Xalqımız həmişə sülhə can ataraq çoxlu müharibələrin və çətinliklərin şahidi olub. Lakin Ermənistanın münaqişənin mahiyyətinə məhəl qoymaması sülh prosesini əngəlləyir".
Bu fikirləri "OLAYLAR"-a siyasi ekspert Elvin Babayev səsləndirib. O bildirib ki, bu gün erməni lobbisi də Qarabağdakı separatçı rejimi təxribata yönəlik fəaliyyətlərə sürükləyir:

"Azərbaycan beynəlxalq mexanizmlər vasitəsilə dialoqun qurulmasına çalışır və beynəlxalq tərəfdaşlar da sülh üçün fəallıq göstərirlər. Azərbaycan Qarabağdakı ermənilərə humanitar yardımın göstərilməsinə heç zaman mane olmayıb. Ermənistan və eləcə də erməni lobbisi bölgədəki reallıqları tamamilə yanlış şəkildə beynəlxalq aləmin gündəminə gətirir. Prezident İlham Əliyevin "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söylədiyi kimi, Ermənistanda müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Həqiqət budur ki, Ermənistanda, eləcə də Qarabağda Azərbaycana qarşı nifrət təbliğ olunur. Ermənilərin istər sosial şəbəkələrdəki təbliği, istərsə də  son günlər Xankəndində keçirilən mitinq bunu sübut edir". 
Elvin Babayev diqqətə çatdırıb ki, Azərbaycan sülhün əldə olunması üçün  beynəlxalq aktorların çoxsaylı çağırışlarına cavab verir: "Ermənilər BMT və ya digər faktaraşdırıcı missiyasının bölgəyə göndərilməsini istəyir. Bunu Azərbaycan da istəyir, amma həmin missiya nə dərəcədə obyektiv olacaq? Onlar ermənilərin 30 ildə törədikləri vandalizim əməllərini araşdıracaqlarmı?! Erəminilərin girovluğunda olan soydaşlarımızın səsini eşidəcəklərmi?! Bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizin pozulmuş hüquqlarını bərpa etmək üçün beynəlxalq məhkəmə qarşısında məsələ qaldıracaqlarmı?! Bütün bunlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin acı nəticəsidir. Ermənistan bu tarixi ləkəni üzərindən təmizləyə bilməz".
Elvin Babayev hesab edir ki, Vaşinqton və Moskva da daxil olmaqla, müxtəlif ölkələrdən vasitəçilər Ermənistana öz mövqeyində dəyişiklik etmək üçün təzyiq göstərməlidirlər:

"Əgər bunu etməsələr, onların vasitəçilik səyləri nəticəsiz qalacaq. Bu da sülh prosesini daha da uzadacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31