İran hökuməti şəffaf istintaq aparmalıdır - ÖZƏL
22 Fevral 2023 10:50 Siyasət"İran hökumətinin ölkəmizə və xalqımıza qarşı əsl münasibəti özünü torpaqlarımızın 20 faizinin erməni işğalı altında olduğu 30 il ərzində bütün çılpaqlığı ilə göstərib.
İşğal dövründə Azərbaycanın sərvətlərinin ermənilər tərəfindən talan edilməsində bilavasitə iştirakı, işğal altında olan Qarabağda at oynadan separatçılara silah-sursat daşınmasını həyata keçirməsi, minlərlə günahsız insanımızın vəhşicəsinə qətlə yetirilməsinə göz yumması İranın Azərbaycana əsl münasibətini xarakterizə edə biləcək real göstəricilərdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, yanvarın 27-də səhər saatlarında Tehranda yerləşən Azərbaycan Respublikasının İrandakı səfirliyinə olunan silahlı hücum ölkəmizə qarşı həyata keçirilmiş növbəti qanlı terror aktı idi: "Hadisə nəticəsində səfirliyin təhlükəsizliyini təmin edən bir əməkdaş şəhid olmuşdur. Prezident İlham Əliyevin dediyi kimi, bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran siyasi elitasının bəzi nümayəndələri tərəfindən göndərildiyini deməyə tam əsas verir. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, Azərbaycan tərəfinə bu barədə dürüst məlumatlar verilməlidir, terrorçu və onu göndərənlər ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra Azərbaycan İranla münasibətlərinin normallaşması məsələsini müzakirə edə bilər".