Bu böyük bir soyqırım cinayətdir- ÖZƏL
6 Oktyabr 2022 12:33 Siyasət"Son günlər Xocavəndin Edilli kəndində tapılan kütləvi məzarlıqlar və bu məzarlıqda kütləvi şəkildə dəfn edilmiş Birinci Qarabağ döyüşlərində iştirak etmiş Azərbaycan hərbçilərinə məxsus insan qalıqlarının tapılması erməni vəhşiliyinin hansı səviyyədə olduğunun ən bariz nümunələrindən biridir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Nəzərə almalıyıq ki, biz 30 il ərzində ermənilərdən Birinci Qarabağ savaşı ərzində əsir düşmüş həm hərbi, həm də mülki əsirlərimizlə bağlı məlumatlar almaq istəsək də, onlar hər zaman bu suala cavab verməkdən yayınıblar. Yəni, Birinci Qarabağ savaşı müddətində əsir, itkin düşmüş hərbi və mülki əsirlərimiz (təqribən onların sayı 4000-ə qədərdir) haqqında Azərbaycan tərəfinə məlumat vermədilər. İndi Azərbaycan İkinci Qarabağ savaşında əldə etdiyi qalibiyyətdən sonra həmin ərazilərdə aparılan axtarışlar nəticəsində məlum oldu ki, bu artıq üçüncü belə haldır. Artıq üçüncü dəfədir ki, həmin ərazidən kütləvi məzarlıqlar tapılır və hələ gözləniləndir ki, burada digər məzarlıqlar da aşkar edilsin və bizim Birinci Qarabağ savaşından qalan hərbi və mülki əsirlərin taleyinə aydınlıq gəlsin.
Əlbəttə, düşünürəm ki, Ermənistan yenə də bu və ya digər formada başqa-başqa fikirlərlə, mövzularla gündəmi manipulyasiya etməyə çalışacaq. Amma bu faktdır ki, orda tapılan insan qalıqları və onların hətta ayaqqabılarının belə çıxarılmaması onu göstərir ki, həmin şəxslər hərbçilərdir və işgəncələrə məruz qalaraq, əl-qolları məftillərlə bağlanaraq öldürülüblər. Bu əslində insanlıq əleyhinə ən böyük cinayətlərdən biridir. Düşünürəm ki, Ermənistanın bu məsələdə Azərbaycana cavab verməməsi, yəni, Azərbaycanın əsirlərlə bağlı ünvanladığı suallara cavab verməməsinin kökündə də bu dayanır. Yəni, kütləvi şəkildə öldürüb, dəfn ediblər. İndi artıq bunun üstü açılır.
Azərbaycan bu məsələni beynəlxalq ictimaiyyət qarşısında qaldırır və qaldıracaq da. Bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Əslində bu böyük bir soyqırım cinayətdir, Xocalıdan sonra təsdiq edilmiş soyqırımın ən bariz nümunəsidir. Hesab edirəm ki, əgər belə bir hal baş veribsə, deməli o 4000-ə qədər əsir və itkinlərimizlə bağlı artıq bizdə təsəvvür yaranır ki, onların taleyi hansı formadadır. Azərbaycan təkcə özü deyil, dost və müttəfiq dövlətlər, diaspor təşkilatlarımız, lobbi qrupları vasitəsilə bu məsələni dünyanın böyük güc mərkəzlərinə çıxartmalıdır və müzakirə etməlidir ki, bir nəticə əldə edib, Ermənistanın hansı vəhşiliklər, vandallıqlar, insanlıq əleyhinə hansı cinayətlər törətdiyini bütün dünya ictimaiyyəti bilsin.
Düşünürəm ki, bununla bağlı ciddi addımlar atılacaq".
Röyalə Xəyal