"Azərbaycan dövləti tək işğala qarşı yox, bəşəriyyətin düşməni erməni şovinizmi ilə də mübarizə aparır"- ÖZƏL
6 Oktyabr 2022 12:30 Siyasət"Xocavənddə tapılan kütləvi məzarlıq bir daha sübut edir ki, Azərbaycan dövləti tək işğala qarşı mübarizə aparmır, həm də əzazil və qəddar bir insanlıq düşməni dövləti təhlükəsizləşdirmə və bəşəriyyətin düşməni olan şovinizmlərdən birini - erməni şovinizmini zərərsizləşdirməyə çalışır"
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
"İstər Xocalı faciəsi, istər müharibə sırasında digər bölgələrdə sıravi insan və ya hərbçilər olmasından asılı olmayaraq bütün azərbaycanlılara qarşı törədilən soyqırımı və digər cinayət aktları Azərbaycanın necə bir düşmənlə üz-üzə qaldığını sübut edib. O düşmən ki, o sadəcə Azərbaycanın torpaqlarını istəmir, eyni zamanda Azərbaycan xalqının məhvini hədəfləyib.
Dünən Xocavənddə aşkar edilən kütləvi məzarlıq fonunda biz bir daha erməni şovinizminin necə təhlükəli, qəddar və əzazil olduğunu xatırladıq.
Tapılan məzarlıqdakı insan qalıqlarına elementar baxış deməyə əsas verir ki, həmin hərbçilər əsir götürülmüş, edam edilmişdir. Ancaq edam edilməmişdən öncə hərbçilərə ağır işgəncələr verilib, alçaldılıb və insanlığa sığmayacaq hərəkətlərdən sonra şəhid ediliblər.
Burada başqa maraqlı nüans da var. Fikir veririksə, bir müddət əvvəl Azərbaycanda ordusunun əsgərlərinin olduğu iddia edilən bir videoda döyüş meydanında erməni hərbçilərinin güllələnməsini əks etdirən kadrlar yayıldı. Ardınca dünyada böyük rezonans doğurdu və tək o video ilə istər içimizdəki, istər xaricdəki erməni sevərlər anti-Azərbaycan propaqandalarına başladı. Hətta ABŞ-ın Azərbaycandakı səfirliyi belə bu səpkidə açıqlama yaydı. Ancaq həmin o anti-Azərbaycançılar nə 1988-1994-cü illərdə, nə də 2020-ci ildə Gəncə, Bərdə, Tərtər və digər Azərbaycan şəhərləri bombardman ediləndə erməni terrorizminə qarşı çıxış ediblər. Görürük ki, dünyada açıq-aşkar erməni havadarlığı küləyi əsir və bu külək hər vəchlə Azərbaycanı hədəf alır, onun dik duruşuna zərər verməyi hədəfləyir.
Belə olduqda Azərbaycan tərəfi elə son örnək olan Xocavənddəki kütləvi məzarlığı həm dünyanın bütün təşkilatlarına, həm də anti-Azərbaycan siyasətinə davam edən ölkələrə, həmçinin ABŞ Səfirliyinə göndərməli, göndərməklə qalmayıb bu istiqamətdə hüquqi qiymət verilməsini tələb etməlidir.
Unutmayaq ki, Azərbaycan tərəfi kimlərinsə nazını çəkdikcə, bu Azərbaycanın zəifliyi və ya qorxaqlığı olaraq başa düşülür, xoş niyyətləri öz maraqları üçün istifadə edirlər".