Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur - Deputat

"Azərbaycan Respublikasının ərazisinin 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal edilmiş, bir milyon insan evlərindən qovulmuş və bu illər ərzində qaçqınlıq həyatı yaşamağa məcbur olmuşlar. Müharibənin ən acı tərəfi isə budur ki, itkin düşən Azərbaycan vətəndaşlarının, öz Vətənini işğalçılardan qoruyan onlarla hərbiçinin taleyi barədə işğala son veriləndən sonra belə Ermənistan tərəfindən heç bir aydınlıq gətirilməmişdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Müşfiq Məmmədovun sözlərinə görə,  Azərbaycan 44 gün sürən Vətən müharibəsindən sonra tamamilə dağıdılmış kəndləri, şəhərləri yenidən qurmaq, evlərindən didərgin düşmüş vətəndaşlarımızın yenidən öz dədə-baba torpaqlarına qayıtmaları üçün geniş miqyaslı bərpa işlərini başladı: "Bərpa işləri aparılan zaman artıq bir neçə yerdə, o cümlədən, Xocavənd rayonunun Edilli kəndi ərazisində toplu məzarlıqlar aşkar edilmişdir ki, bu da Ermənistan dövlətinin beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğunun açıq şəkildə sübuta yetirir. Hərbiçilərlə yanaşı mülki əhaliyə də işgəncə verərək, əl-ayaqlarını bağlayıb,  diri - diri torpağa basdırmaq hansı beynəlxalq hüquqa sığır?! Bu ən ağır beynəlxalq cinayətdir və bu cinayəti törədənlər mütləq öz cəzalarını beynəlxalq səviyyədə almalıdırlar. Beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə hər zaman sadiq olan, dörd Cenevrə konvesiyasının iştirakçısı olan  Azərbaycan dövləti isə hər zaman beynəlxalq humanitar hüququn normalarına riayət etmişdir və bundan sonra da buna davam edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31