Media sahəsində aparılan islahatların tərkib hissəsi - ÖZƏL
27 Sentyabr 2022 12:31 SiyasətAzərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən "Media Reyestrinin aparılması Qaydaları"nın təsdiqlənməsi media sahəsində aparılan islahatların tərkib hissəsidir. Bu fikirləri "OLAYLAR"-a "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədir Süleyman İsmayılbəyli səsləndirib. O bildirib ki, sözügedən addım, media reyestrinin həyata keçirilməsi bu sahədə illərlə mövcud olan problemlər, nöqsanların aradan qaldırılmasına imkan verəcək: "Bildiyimiz kimi Media Reyestrinə daxil edilmiş jurnalistlərin bu sahə ilə məşğul olan digər həmkarlarından fərqi ondan ibarət olacaq ki, reyestriə daxil edilən qələm əhlinə jurnalist vəsiqəsi təqdim ediləcək. Bu da istər-istəməz jurnalistikaya ləkə gətirən, bu sahəyə asan gəlir mənbəyi kimi baxan relet jurnalistlərin tədricən zərərsizləşdirilməsinə yol açacaq. Belə ki, istənilən dövlət qurumu, yaxud digər müvafiq orqanlar ona yazı, reportaj, yaxud müsahibə üçün müraciət edən media əməkdaşının reyestrdə adının olub-olmadığını müəyyənləşdirəcək. Təbii ki, reyestrdə adı olmayan media təmsilçisi ilə hər hansı bir dövlət qurumu əməkdaşlıq etməyə maraqlı görünməyəcək. Düzdür, reyestrə daxil olmaq könüllü xarakter daşıyacaq və heç kimi məcburən reyestrə daxil etmək kimi təşəbbüs yoxdur. Sadəcə özünü ciddi mətbuat, ciddi jurnalist hesab edənlər və bu istiqamətdə fəaliyyət göstərənlər özləri reyestrə düşməkdə maraqlı olacaqlar".
İctimai Birlik sədri onu da qeyd edib ki, reyestrə daxil olmaq istəməyən, özünün qeyri-sağlam fəaliyyətini davam etdirən jurnlalistlər media təmsilçiləri üçün nəzərdə tutulan bir sıra güzəştlərdən yararlana bilməyəcəklər: "Məlum olduğu kimi jurnalistlərə də güzəştlli şərtlərlə ipoteka kreditlərinin verilməsi tətbiq ediləcək. Təbii ki, bu zaman həmin şərtlərdən, imtiyazlardan yalnız reyestrə düşən media nümayəndələri yararlana biləcəklər. Bu isə heç şübhəsiz ki, media nümayəndələrini daha da stimullaşdıracaq, onların daha məhsuldar işləməsinə, yeni yaradıcılıq axtarışlarına maraq göstərməsinə yol açacaq".