27 sentyabr, tarixi ədalətin bərpasının başlandığı gündür - ÖZƏL
27 Sentyabr 2022 11:18 Siyasət"27 sentyabr, tarixi ədalətin bərpasının başlandığı, torpaqlarımızın erməni işğalından azad edilməsinə gedən yolun açıldığı gündür". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı səsləndirib. O bildirib ki, məhz 27 sentyabr tarixindən başlanan 44 günlük Vətən müharibəsi 30 ilə yaxın erməni işğalı altında olan ərazilərimizin düşməndən azad edilməsinə gətirib çıxardı: "Baxmayaraq ki, Azərbaycan dövləti bu illər ərzində problemin yalnız diplomatik yolla həllinə çallşır, bu istiqamətdə fəallığını davam etdirirdi, lakin işğalçı Ermənistan isə qəti şəkildə problemin sülh yolu ilə həlli variantını yaxına buraxmır, imitasiya xatirinə iştirak etdiyi danışıqlarda əldə edilən hər hansı ümumi razılaşmanı isə qısa müddət sonra pozurdu. Eyni zamanda bu ölkə özünün işğalçılıq siyasətini də davam etdirirdi. Elə 2020-ci il, sentyabr ayının 27-də Ermənistanın törətdiyi növbəti təxribat da məhz yeni ərazilər işğal etməyə hesablanmışdı. Lakin Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu əks hücum əməliyyatı ilə cəmi 44 gün ərzində düşməni darmadağın edərək ərazilərimizi işğaldan azad etdi, onu öz dədə-baba sahiblərinə qovuşdurdu".
Arzuman Muradlı deyib ki, iki il əvvəl İkinci Qarabağ müharibəsinin başlamasında Ermənistan qədər dünya birliyi, problemin həlli missiyasını öz üzərinə götürən beynəlxalq təşkilatlar da məsuliyyət daşıyırdılar: "Çünki bu illər ərzində onlar heç bir halda Ermənistana təzyiq etməklə onu işğalçılıq siyasətindən çəkindirməyə maraqlı olmamışdılar".
İctimai Birlik sədri sonda 44 günlük Vətən müharibəsində şəhid olan Vətən oğullarına Allahdan rəhmət, qazilərə isə can sağlığı, tezliklə öz sağlamlıqlarına qovuşmağı arzulaylb.