Şanlı tarix yazan şəhidlərimizi böyük ehtiram və qürurla anırıq - ÖZƏL

"İki əsrdən artıq bir zaman kəsiyində bir sıra dövlətlərin xalqımıza qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş ermənilərin Azərbaycan xalqına qarşı düşmənçiliyi zaman-zaman bizi böyük insan və torpaq itkilərinə, dağıntılara və humanitar fəlakətə məruz qoymuşdur. Bunu son 30 ilin xronikası daha əyani şəkildə göstərir. Xarici havadarları tərəfindən silahlandırılan və hər cür dəstək verilən  ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etdilər. İşğal zamanı dinc əhali amansızcasına qətlə yetirildi, öz doğma yurd-yuvalarından didərgin salındı, bir sıra şəhərlər,kəndlər,digər yaşayış məntəqələri dağıdıldı, tamamilə məhv edildi,acınacaqlı vəziyyətə salındı,iqtisadiyyatımıza və mədəni irsimizə ağır zərbə vuruldu, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan dəydi". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Əli Məsimli bildirib ki, Xocalı qətlamı daxil olmaqla, xalqımıza qarşı törədilən soyqırımları təkcə azərbaycanlılara qarşı yox, həm də bəşəriyyətə yönəldilmişdir: "30 il davam edən beynəlxalq riyakarlıq ucbatından Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan danışıqların heç bir nəticəsi olmadı. Milli həmrəyliyin və vətənsevərliyin bariz nümunəsi kimi 2020-ci ilin 27 sentyabrından başlanan 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib tarixi qələbə çaldı, şanlı ordumuz 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın tarixi zəfərinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər qazandı. Bu zəfər sayəsində "Ermənistanın güclü ordusu var", "erməni xalqı döyüşkən xalqdır", "Azərbaycan xalqı döyüşə bilmir" kimi miflərə birdəfəlik son qoyuldu.

Azərbaycan əsgərinin 27 sentyabrdan başlanan 44 günlük zəfər yürüşü haqq-ədalətin bərpa prosesi olmaqla yanaşı, həm də işğal altında olan torpaqların öz gücümüz və iradəmizlə azad edə bilicəyimizin mümkünlüyünü dünyaya göstərdi. Bu zəfər həm də xalqımız çoxəsrlik yaddaşını, kimliyini xatırlatdı, genlərində var olan cəsarətini ayağa qaldırdı, öz mənliyini bərpa etdi. Biz bu müharibədə torpaqlarımızı düşmən tapdağından azad etməklə yanaşı həm də Mübariz İbrahimovun, Polad Həşimovun, İlqar Mirzəyevin, Fərid Əhmədovun və bütün şəhidlərimizin intiqamını aldıq. Azərbaycan bu şanlı qələbəsi ilə regionda yeni situasiya yaradaraq Cənubi Qafqazda yeni bir dövrün- sülh,əmin-amanlıq  və inkişaf üçün fürsət dövrünün başlanmasında həlledici  rol oynadı. Ermənistanın xarabazara və hər qarışı minalanmış döyüş meydanına çevirdiyi Qarabağı Azərbaycan tikinti meydanına, sülh və əməkdaşlıq arenasına çevirməkdədir.  İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinə dövlət büdcəsindən 2021-ci ildə 2,2 milyard manat, 2022-ci ildə 2 milyard 670 milyon manat vəsait ayrılıb, gələn il isə  3 milyard manat vəsait ayrılacaq.  Bu istiqamətdə çox modern və perspektivli layihələr həyata keçirilməyə başlanılıb və proseslər Azərbaycanın xeyrinə inkişaf edir". Onun bildirdiyinə görə, Azərbaycanın bu tarixı qələbəsini, qələbə nəticəsində yaranan yeni reallıqlıqları və işğaldan azad edilmiş ərazilərdə həyata keçirməyə başladığı layihələri dəstəkləyən və bilavasitə iştirak edənlərlə, yanaşı, onu həzm etməyənlər də az deyil. Ermənistanın öz havadlarının köməyi ilə müharibə, geosiyasi oyunlar arenasına, xarabazara çevirdiyi Qarabağı tikinti meydanına, əməkdaşlıq arenasına çevirən Azərbaycana münasibtdə fəaliyyətlərinin 30 illik nəticələri sıfıra bərabər olan erməni havadarları, məlum qurumlar və təmsilçi ölkələr heç olmasa bundan sonra indiyədək qəbul etdikləri sənədlərin altına qoyduqları imzalarına hörmət etməli,silsilə təxribatlar, sülhün sobotaj edilməsi,ATƏT-in Minsk Qrupunu diriltmək,"status oyunbazlıqları" və sair ilə baş qatmamalı, Qarabağda başlanan və regiona təhlükəsilik, əmin-amanlıq, iqtisadi inkişaf və digər cəhətlərdən şəksiz müsbət təsir edəcək quruculuq işlərinə qoşulmalıdırlar: "27 sentyabrdan başlanan 44 günlük Vətən Müharibəsi fikirdə,sözdə və əməldə əsl dostlarımızın və bədnam düşmənlərimizin kimliyini əyani şəkildə ortaya qoydu. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, işbirliyi növbəti dəfə də sınaqdan çox uğurla çıxdı və bu birlik daha da möhkəmlənib, daha geniş planda yeni reallıqlar yaradacaq, regionumuzda dayanıqlı sülh, əmin-amanlıq və təhlükəsizliyi təmin edən güclü amilə, düşmənlərimizə münasibətdə çəkindirici güçə çevriləcəkdir. Bu  Anım Günündə bir daha xüsusi qeyd oluması vacibdir ki, xalq-dövlət-ordu birliyi şəraitində zəfər yürüşündə tökülən hər damla şəhid qanı biz azərbaycanlının hər birimizin qanıdır. Şəhid anası hər birimizin anasıdır. Yaralanan döyüşçünün yarası hər bir azərbaycanlının yarasıdır! Bütün Azərbaycan xalqı 27 sentyabr - Anım Günündən qürür duyur. Xalqımız öz qəhrəmanları ilə fəxr edir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Ölkəmizin hər yerində və bir sra xarici ölkələrdə Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Xalqımız hər zaman 27 Sentyabr - Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır! 7 sentyabr tarixi müəqddəs gündür. Azərbaycan xalqı hər zaman bu günü dərin ehtiram hissi ilə qeyd edəcək, bizə bu böyük qələbəni bəxş edən qəhrəmanlar daim sevgi və ehtiram hissi ilə yad olunacaq! Bir daha şəhidlərimizin ruhu qarşısında baş əyirik!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31