Daha üç konvesyanın müddəaları Ermənistana münasibətdə tətbiq edilməyəcək- ÖZƏL
26 Sentyabr 2022 15:36 SiyasətAzərbaycanın qoşuldiğu daha üç konvesyanın müddəaları Ermənistana münasibətdə tətbiq edilməyəcək. "Olaylar" xəbər verir ki, bunlardan biri "Ekstradisiya haqqında" Avropa Konvensiyası, digəri isə "Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında" Konvensiya, üçüncüsü isə "Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında" Konvensiyadır. Qeyd edək ki, hər üç konvensiya Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılıb. "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsinə görə, Əlavə Protokol 1957-ci ildə qəbul edilmiş "Ekstradisiya haqqında" Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədinə xidmət edir. "Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında" Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsində xaricdə təqdim ediləcək məhkəmə və qeyri-məhkəmə sənədlərinin ünvanlanan şəxsin nəzərinə vaxtında çatdırılmasını təmin etmək üçün müvafiq vasitələrin yaradılmasını nəzərdə tutur. "Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında" Konvensiya isə uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsini nəzərdə tutur.
Beləliklə, hər üç konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.