Amerika riyakarlığı - ÖZƏL

"Birləşmiş Ştatlar bir daha öz siyasi riyakarlığını nümayiş etdirdi və Qafqazda sülh, təhlükəsizlikdən yana olmadığını ortaya qoydu".

Bu fikirləri "OLAYLAR"-a Ana Vətən Partiyasının sədr müaviniu Arzuman Abdulkərimov Birləşmiş Ştatlar prezidenti Co Baydenin Ermənistanın müstəqillik günü münasibətilə göndərdiyi təbrik məktubunda Azərbaycanın maraqlarına zidd olan fikirlərə münasibət bildirərkən səsləndirib. AVP rəsmisi qeyd edib ki, Bayden heç bir reallığa və məntiqə uyğun gəlməyərək sentyabrın 12-13-ü tarixlərində sərhəddə baş vermiş erməni təxribatını və bu təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi adekvat tədbirləri hücum əməliyyatı kimi xarakterizə edib: "Halbuki hər kəsə məlum sərhəd təxribatının məhz ermənilər tərəfindən həyata keçirildiyi bəllidir. Digər tərəfdən, Azərbaycan heç də sərhəd təxribatı zamanı Ermənistan ərazisinə hücum etməyib, əksinə hələ də düşmən nəzarətində qalan ərazilərimizi düşməndən təmizləyib. Hansı ki, həmin ərazilərdə yerləşən erməni birləşmələrinin mövqelərindən Silahlı Qüvvələrimizin mövqeləri müntəzəm olaraq atəşə tutulurdu".

Arzuman Abdulkərimov onu da qeyd edib ki, Baydenin təbrik məktubunda "Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla, münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və başqaları ilə işləməyə sadiq qalırıq" deyə ifadə işlətməsi də yolverilməzdir və bu bölgədə yenidən münaqişəni alovlandırmağa hesablanıb: "Birincisi, münaqişə İkinci Qarabağ müharibəsi ilə sona çatdı. Bunu hər kəs bilməlidir. Ona görə də Amerikanın yenidən münaqişə sözünü işlədərək ölmüş Minsk Qrupunu diriltmək cəhdi əbəsdir. İkincisi isə, Dağlıq Qarabağ xalqı deyilən bir məhfum yoxdur. Qarabağda yaşayan ermənilər var ki, onlar da Azərbaycan vətəndaşlığını qəbul edib bizim qanunlara əməl edəcəkləri təqdirdə heç bir problemlə üzləşməyib, rahat şəkildə yaşayacaqlar. Onlara isə hər hansı bir statusun verilməsindən söhbət gedə bilməz. Bunu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də dəfələrlə açıq və net olaraq bəyan edib".

AVP rəsmisi sonda onu da əlavə edib ki, Birləşmiş Ştatlar regionda yenidən gərginlik yaradıb silahlı qarşıdurmalara səbəb olmaq əvəzinə, sülh və təhlükəsizliyin təmin edilməsi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə olunmasına dəstək nümayiş etdirsə, bu istiqamətdə fəallıq göstərsə, daha yaxşı olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31