Nensi Pelosinin Ermənistana səfəri hansı məqsədlərə xidmət edir?
23 Sentyabr 2022 11:21 Siyasət
"Nensi Pelosinin Ermənistana səfəri çox böyük suallar yaratdı. Eyni zamanda, səfərin Ermənistanın Azərbaycanla dövlət sərhədində hərbi təxribat törətməsindən sonra reallaşması sanki, Ermənistana ABŞ-ın bir dəstəyi kimi qiymətləndirilirdi və rəsmi İrəvan bunu ABŞ-ın Ermənistana dəstəyi kimi interpretasiya edirdi. Lakin biz Nensi Pelosinin ermənipərəst olduğunu yaxşı bilirik və onun erməni lobbisinin təsiri altında hazırki səfəri reallaşdırması da danılmaz bir faktdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Ermənistan Azərbaycanla sərhəddə hərbi təxribatlar törətməklə, təminat yollarımızı minalamaqla və Azərbaycanın Silahlı Qüvvələrinə maksimum ziyan vurmaqla bağlı həyata keçirdiyi fəaliyyət həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının regiona cəlb edilməsi ilə Ermənistanın maraqlı olduğunu üzə çıxardı və ardınca dərhal ABŞ konqresinin nümayəndələr palatasının rəhbəri Ermənistana səfər etdi. Düşünürəm ki, ABŞ-ın özünün regionda çox ciddi maraqları vardır və bu maraqlar kontekstində həm də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasındakı görüşü qeyd etməliyik. Görüşdə vasitəçi kimi ABŞ dövlət katibi Entoni Blinken iştirak edirdi və artıq ciddi şəkildə ABŞ öz təsirlərini genişləndirməyə çalışır.
Digər önəmli məqam, artıq görünür ki, Avropa İttifaqı çərçivəsində həyata keçirilən fəaliyyətin ABŞ tərəfindən qəbuledilməzliyi mövcuddur və yeni bir formatın irəli sürülməsi artıq üzə çıxır və belə görünür ki, gələcəkdə artıq üç format mövcud olacaq: Rusiya, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları. Lakin Amerika Birləşmiş Ştatları əgər regionda vasitəçi kimi iştirak etməyə çalışırsa, onda gündəliyini formalaşdırılmalıdır və bu gündəliyə uyğun olaraq da rəsmi Bakı addımlar atacaq. Çünki Entoni Blinken sonrakı fikirlərində növbəti XİN rəhbərləri arasında görüşün keçiriləcəyini bildirmişdi və bu o anlama gəlir ki, Şarl Mişelin bəyanatında sülh müqaviləsinin imzalanması ilə bağlı həyata keçirilən fəaliyyətə uyğun olaraq XİN rəhbərlərinin bir ay ərzində görüşməsi proqnozlaşdırılırdı və bu görüş görünür ki, qarşıdakı dönəmdə keçiriləcək. ABŞ sanki Nyu-Yorkdakı BMT baş assambleyasının iclasından istifadə edərək, tərəfləri yaxınlaşdırmağa cəhd göstərdi, lakin burada da öz mövqeyini möhkəmləndirmək təşəbbüsünü irəli sürdü.
Düşünürəm ki, Nensi Pelosinin Ermənistana səfəri heç nəyi dəyişməyəcək və ABŞ-Azərbaycan münasibətləri də öz axarında davam edəcək, strateji əhəmiyyət daşıyacaq. Digər məsələ isə, Ermənistanın proseslərə təsir etməsi kontekstində öz maraqlarını prosesə proyeksiya etməsi cəhdləri də mümkün olmayacaq. Ermənistan isə ATƏT-in Minsk qrupu və status məsələsini uzun müddətdir qabardır və hazırkı gün siyasi reallıqlarla onların istəyinin heç bir əlaqəsi yoxdur".

Politoloq Anar Əliyev bildirir ki, Amerikanın nümayəndələr palatasının italyan əsilli sədri Nancy Pelosinin Ermənistana səfəri və orda açıqladığı bir çox sərsəm bəyanatlar, xüsusilə də, Azərbaycanın Ermənistan ərazisində hərbi əməliyyatlar keçirməsi ilə mülki obyektlərin, şəxslərin vurulması ilə bağlı bəyanatları, eyni zamanda, saxta "erməni soyqırımı" abidəsi qarşısında saxta göz yaşları axıdaraq Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlar səsləndirməsi, ermənilərin əzabkeş obrazının formalaşdırılması və daim soyqırıma məruz qalması ilə bağlı fikirlər söyləməsi, təbii ki, 2020-ci ilin 10 noyabr tarixində qəbul olunmuş razılaşma ilə formalaşan kövrək sülhə ciddi zərbədir:
"Bu açıqlamalar, səfər və səfər zamanı verilən bəyanatlar Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində bu günə qədər beynəlxalq səviyyədə edilən səylərin əslində sıfırlanmasına hədəflənmiş bir yanaşma idi. Çünki Nancy Pelosi kimi avantürist və popülist siyasi xadimlərin reallıqlara uyğun olmayan, tarixi faktlara əsaslanmayan bəyanatları, çıxışları uzun onilliklər ərzində xəstə xülyalarla, illuziyalarla yetişdirilmiş erməni cəmiyyətində yenidən hansısa "xoşbəxt" gələcək, "böyük Ermənistan" ilə bağlı xam xəyalların, yalnış təsəvvürlərin formalaşmasına və bununla da Cənubi Qafqazda yenidən münaqişənin alovlanmasına gətirib çıxara bilər. Bunu Nancy Pelosi kimi siyasi xadimlər və onun çıxış mətnlərini hazırlayan şəxslər bilməmiş deyil. Burda bu səfərlər zamanı səsləndirilən fikirlərdə məqsəd heç də Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazın ümumiyyətlə sülh münasibətlərinin təmin olunması deyil, yenidən gərgin münasibətlər formalaşdırmaqla, bu gərginlik nəticəsində yeni hərbi-siyasi şərait yaratmaq və bu hərbi siyasi şəraitin şərtlərinə uyğun olaraq Amerikanın Cənubi Qafqazdakı proseslərin tənzimlənməsinə daxil olma istəyidir. Eyni zamanda onu da qeyd edim ki, 12-14 sentyabr tarixlərində Ermənistan tərəfindən törədilən hərbi təxribatların da əsas hədəflərindən biri əslində Ermənistanın əsas havadarlarının Ermənistanın hərbi-siyasi elitasına verdiyi sifariş dayanırdı. Bu sifariş sərhəddə hərbi təxribatlar törətməklə yeni hərbi vəziyyət formalaşdırmaq və Ermənistanla Azərbaycan arasında gərginləşən münasibətlərin tənzimlənməsində Amerikanın rolunun artırılmasına çalışmaq idi. Əslində Nancy Pelosinin səfəri və bu təxribatlar arasında çox ciddi əlaqənin olduğu artıq ötən müddət ərzində bir daha ortaya çıxmış oldu. Eyni zamanda, 19 sentyabr tarixində Amerikada BMT-nin baş assambleyasının 77-ci iclasında iştirak etmək üçün səfərdə olan həm Ermənistan, həm Azərbaycan xarici işlər nazirlərinin Entoni Blinkenin ev sahibliyi ilə görüşmələri onu deməyə imkan verir ki, bəli, Amerika yeni situasiya formalaşdırmaqla Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində tərəfə çevrilmək istəyir. Amma Azərbaycan ordusunun, dövlətinin bu sərgilədiyi münasibət, diplomatik soyuqqanlı davranış, eyni zamanda Azərbaycan ordusunun istənilən təxribata ən sərt formada cavab vermə qabiliyyəti bir daha onu göstərdi ki, heç bir qüvvə, güc Cənubi Qafqazda mövcud reallıqların şərtlərini, tələblərini, Azərbaycanın maraqlarını nəzərə almadan, bu proseslərdə iştirakçıya çevrilmək mümkün deyil. Tam əksinə, hər hansı beynəlxalq güc, hər hansı dövlət Cənubi Qafqazda iştirakçı qismində proseslərə qatılmaq istəyirsə, yalnız beynəlxalq hüququn prinsipləri və Vətən müharibəsindən sonra formalaşmış Cənubi Qafqazdakı yeni reallıqların şərtlərini qəbul etməklə bu proseslərə daxil ola bilər. Əks davranış Azərbaycan xalqının, ordusunun və Azərbaycan dövlətinin birliyinin güclü müqaviməti ilə qarşılaşacaq və elə ilk andaca 12-14 sentyabr təxribatlarında olduğu kimi fiyaskoya uğrayacaq".

Politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, bu səfər əsasən iki məqsədə xidmət edir:
"Düşünürəm ki, ABŞ konqresinin nümayəndələr palatasının spikeri Nancy Pelosinin Ermənistana səfəri hər şeydən öncə regionda və dünyada cərəyan edən proseslərlə bağlıdır. Bu səfərin əsasən iki məqsədə xidmət etdiyi düşüncəsindəyəm.
Birincisi, hesab edirəm ki, Pelosi Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaq üçün ABŞ-ın növbəti cəhdlərini sərgiləmiş oldu. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları Ermənistanı İrana qarşı bir plastarm kimi də istifadə etməyi nəzərdən keçirməkdədir. Belə ki, yaxşı xatırlayırıq ki, 2018-ci ildə Bolton regiona səfər etmişdi və elə əsas məqsədlərdən biri də ondan ibarət idi ki, Ermənistandan ABŞ-ın bu gün rəqiblərindən biri hesab etdiyi İrana qarşı istifadə etsin. Çünki Ermənistan müstəqil dövlət deyil və təbii ki, belə təsəvvürlər mövcuddur ki, Ermənistandan müxtəlif istiqamətlərdə alət kimi istifadə etmək mümkündür.
Pelosi həm də bu səfər zamanı olduqca ədalətsiz mövqe sərgiləməklə yadda qaldı. Belə ki, guya Azərbaycanın Ermənistana qarşı hansısa təcavüzü həyata keçirdiyini dilə gətirdi. Təbii ki, ABŞ-da rəsmi dairələrdə Ermənistanın işğalçı, təcavüzkar dövlət olması haqqında kifayət qədər aydın təsəvvürlər mövcuddur. Amma bildiyimiz kimi hər zaman ikili standartlar tətbiq olunur, həqiqətlər təhrif olunur, ədalətsiz mövqe nümayiş etdirilir. Bu qərbin siyasətinin ana prinsipini təşkil etməkdədir. 30 il Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladı, Azərbaycan xalqına qarşı terrorlar həyata keçirtdi, hərbi cinayətlər törətdi. Amma bir dəfə də olsun ABŞ ədalətli mövqe sərgiləmədi. İndi Azərbaycan öz sərhədlərini müəyyənləşdirir, Ermənistanın təxribatlarının qarşısını almaqla yanaşı, eyni zamanda gələcək təhlükəsizlik tədbirlərini də həyata keçirir. Bu əslinə qalsa, regionda sülh və təhlükəsizlik istəyən dövlətlər tərəfindən dəstəklənməlidir. Amerika da hər zaman Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olduğunu bəyan edir. Amma sadəcə olaraq bəyanatlarla real addımları üst-üstə düşmür. Yəni ABŞ-ın üçüncü şəxsi olan Pelosinin Azərbaycanın öz təhlükəsizliyini təmin etməsi istiqamətində atdığı addımları təcavüz adlandırırsa, təbii ki, bu ədalətdən çox-çox uzaq mövqedir. Ona görə də hesab edirəm ki, bu cür Pelosinin simasında ABŞ-ın belə bir mövqe sərgiləməsi bütövlükdə regionda dayanıqlı sülh və etibarlı təhlükəsizlik sisteminin qurulması üçün yaxşı heç nə vəd etmir.
Digər məsələ isə ondan ibarətdir ki, ABŞ bu gün təcavüzkar, təxribatçı Ermənistanı həm dəstəkləməklə, həm də ABŞ-da çoxsaylı səsvermə hüququna malik olan ermənilərin rəğbətini qazanmağa çalışır. Bildiyimiz kimi hazırda ABŞ-da aralıq seçkilər keçirilməsi zamanı yaxınlaşmaqdadır. Bu baxımdan da həmişə olduğu kimi ABŞ ermənilərin bu və ya digər məsələləri üzərindən spekulyasiyalar edir. Hazırda hesab edirəm ki, Pelosinin səfəri həm də sözügedən məqama hesablanmışdır".
Röyalə Xəyal