Laçının işğaldan azad edilməsi tarixi hadisədir
23 Sentyabr 2022 11:22 SiyasətÖlkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçın şəhərində Azərbaycan Bayrağını qaldırması sözün həqiqi mənasında tarixi hadisə idi. Azərbaycan üçün strateji əhəmiyyətə malik olan Laçın rayonunda bayrağımızın dalğalanması əslində ərazi bütövlüyümüzün bərpasına dəlalət edən amil kimi yaddaşlarda qalacaq. Çünki 1992-ci ilin mayında Laçın şəhərinin xəyanət yolu ilə düşmən əlinə keçməsi nəticəsində şəhər başdan-başa yandırılaraq məhv edilmişdi. Nəzərə almaq lazımdır ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonunun işğalı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsi idi. İndi Laçında Ali Baş Komandan tərəfindən Azərbaycan bayrağının qaldırılması düşmənin işğalçı siyasətinin sona çatmasına bir işarədir. Təsadüfi deyil ki, dövlət başçısı Laçına səfəri zamanı etdiyi çıxışında bu şəhərin azad olunmasını tarixi hadisə kimi qiymətləndirdi: "Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır".
Xatırladaq ki, Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub. Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılıb.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirib. Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə yönəlmiş siyasət yürüdüb.
Lakin Ermənistan və onun havadarlarının ciddi -cəhdinə baxmayaraq Laçın şəhəri kimi strateji şəhər bir güllə atılmadan, şəhid vermədən azad edilib. Etiraf edilməlidir ki, Laçının itkilər olmadan azad edilməsində Prezident İlham Əliyevin böyük xidməti var. Dövlət başçısının yürütdüyü xarici siyasət, bütün cəbhə boyu əldə edilmiş siyasi-diplomatik qələbə Laçının işğaldan qansız-qadasız azad edilməsini reallaşdırdı. Çox təəssüf ki, erməni vandalları Azərbaycanın digər işğaldan azad edilən yaşayış məntəqələri kimi Laçın şəhərini də yerlə-yeksan ediblər. Laçının Zabux və Zus kəndlərində qanunsuz məskunlaşma aparılıb, tarixi-mədəni abidələr talan edilib. Dövlət başçısının qeyd etdiyi kimi "Laçın şəhəri bütün Laçın rayonu kimi, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır. Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Ağdam şəhəri tamamilə yerlə-yeksan edilib, Füzuli şəhəri də, həmçinin Cəbrayıl şəhəri də, bütün kəndlər. Bəzi yerlərdə, o cümlədən Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan və daha çox xaricdən - Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir". Məsələnin ağrılı tərəfi ondan ibarətdir ki, bütün erməni vandilzmi beynəlxalq ictimiyyətin gözü qarşısında baş verib. Münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərinin Laçın şəhərinin və digər Azərbaycan torpaqlarının erməniləşdirilməsinə illərlə göz yumublar. Dünyanın aparıcı dövlətlərinin, eləcə də beynəlxalq təşkilatların bütün ciddi-cəhdlərinə baxmayaraq qəhrəman Azərbaycan Ordusu öz qanı, canı hesabına torpaqlarımız azad etdi. Cəmi 44 gün çəkən Vətən müharibəsində erməni silahlı qüvvələri rəşadətli Ordumuz qarşısında diz çökdü, hərbi-siyasi xuntadan ibarət hakimiyyət kapituliyasıya aktına imza atdı.
Alim