BMT-nin həm etimadı, həm də səmərəli fəaliyyəti şübhə altındadır
23 Sentyabr 2022 11:31 SiyasətDünya dəyişib inkişaf etdikcə yeniliklərə, islahatlara da dərin ehtiyac duyulur. Bu islahatlar bir tərəfdən dövlətlərin yeni dünya düzəninə uyğunlaşdırılması baxımından vacibdirsə, digər tərəfdən ortaya çıxan yeni-yeni təşəbbüslər, təkliflərlə əlaqəlidir. Açığını demək lazımdır ki, vaxtı ilə dünyanı idarə etmək iddiası ilə yaranan, bu gün isə heç özünü belə idarə edə bilməyib, qəbul etdiyi qərarların icrasına nail olmaqda çətinlik çəkən beynəlxalq təşkilat və qurumlar da vardır. Belə təşkilatların önündə isə Birləşmiş Millət Təşkilatı və onun Təhlükəsizlik Şurası dayanır. Sözügedən təşkilatın qərarlarının işlər mexanizminin olmaması, hətta öz qəbul etdiuyi qərarları icra etməkdə çətinlik çəkdiyi qənaətini bölüşmək üçün çox da uzağa getməyib, dərindən araşdırma aparmağa zərurət yoxdur. Elə Azərbaycanın timsalında bunu aydın görmək mümkündür. Daha doğrusu Azərbaycan ərazilərini vaxtı ilə işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin dərhal və qeyd-şərtsiz həmin ərazilərdən çıxarılması barədə 30 ilə yaxın müddətdə qəbul edilmiş qətnamələrin 44 günlük Vətən müharibəsinə qədər icra edilməməsi dedikılərimizin əyani sübutudur. Məlum olduğu kimi, həmin qətnamələri 2020-ci ilin sentyabr ayında başlamış İkinci Qarabağ müharibəsi ilə Azərbaycan özü, təkbaşına Ermənistana icra etdirdi. İstər bu, istərsə də digər bu kimi mövcud olan onlarla faktlar isə haqlı olaraq BMT-də, eləcə də onun strukturlarında, xüsusilə də Təhlükəsizlik Şurasında islahatların aparılması, onun sıralarının genişləndirilməsi təşəbbüsünü ortaya çıxarıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılması məsələsini ən çox qaldıran lider Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğandır. Elxan Şahinoğlunun sözlərinə görə, məhz o imkan düşdükcə Təhlükəsizlik Şurasının 5 daimi üzvünü nəzərdə tutaraq "dünya 5-dən böyükdür" ifadəsini işlədir6 2Türkiyə Cumhurbaşqanı BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasını zəruri hesab edir. ABŞ prezidenti Cozef Bayden BMT Baş Assambleyasında son çıxışında Ərdoğanın fikrini təkrarlayıb: "BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayını artırmaq lazımdır". Baydenin fikrincə, BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi nümayəndələrinin sayının artırılmasına ehtiyac var. ABŞ prezidenti Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri üçün BMT Təhlükəsizlik Şurasında yerlərin ayrılmasını zəruri sayıb".
Mərkəz rəhbəri qeyd edib ki, Ağ Ev sahibi BMT Təhlükəsizlik Şurasının üzvlərinin nadir fövqəladə hallar istisna olmaqla, veto hüququndan istifadə etməkdən çəkinməli olduğunu bildirib: "O bunu ona görə deyib ki, Qərb ölkələrinin bütün təkliflərini adətən Rusiya və bir sıra hallarda Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək reallaşmasına imkan vermirlər. Bayden BMT Təhlükəsizlik Şurasının "etimada layiq və səmərəli fəaliyyət göstərən" bir qurum olaraq qalması üçün belə tədbirlərin zəruri olduğuna diqqət çəkib. ABŞ prezidenti bu cümləsiylə etiraf edib ki, BMT-nin həm etimadı, həm də səmərəli fəaliyyəti şübhə altındadır. ABŞ və Türkiyə ilə yanaşı Yaponiya, Hindistan, Afrika və Latın Amerikası ölkələri də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması ideyasını dəstəkləyirlər".
Elxan Şahinoğlu diqqətə çatdırıb ki, Türkiyə, Yaponiya və Hindistan Təhlükəsizlik Şurasının üzvlüyünə iddialıdırlar: "Afrikanın və Latın Amerikasının aparıcı ölkələri - Misir, Cənubi Afrika Respublikası və Braziliya kimi ölkələr də haqlı olaraq Təhlükəsizlik Şurasının üzvü olmaq istəyirlər. Bayden və Ərdoğan Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması ideyasını dəstəkləsələr də, bunun reallaşması problematikdir. Misal üçün Türkiyənin Təhlükəsizlik Şurasına üzvlüyünü Fransa, Hindistanın üzvlüyünü isə Çin əngəlləyəcək. Rusiyanın özü də Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasının tərəfdarı deyil. Çünki Kreml Təhlükəsizlik Şurasında ABŞ-ın dostlarının və tərəfdaşlarının sayının artırılmasını istəmir".
Füzuli