İranda xalqla rejim arasında böyük bir uçurum, güvənsizlik yaranıb - ÖZƏL
21 Sentyabr 2022 12:04 Siyasət"Son aylarda İranda bir çox qadın geyim qanunlarının sərtləşdirilməsinə cavab olaraq həm qapalı, həm də ictimai yerlərdə qadınlar hicablarını çıxararaq, foto və videolarını sosial şəbəkələrdə paylaşırlar. Etiraz etmələrinin səbəbini açıqlayan qadınlar "məcburi hicaba yox, qaydalara yox, ürəyimizin istədiyini sərbəst geyməliyik" kimi şüarlar səsləndirirlər. Dövlət tərəfindən sərt şəkildə tənzimlənən şəriət qanunlarına və hicab taxmayan qadınlara cərimə və həbs cəzalarına baxmayaraq, bu istiqamətdə hərəkat getdikcə genişlənir. Qadınların təşkilatlanmasını hüquq müdafiəçiləri daha çox təşkil edirlər". Bu fikirləri "OLAYLAR"-a plitoloq Yalçın Hacızadə İranda baş verən proseslərə münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, İran höküməti qadınların nümayişinin arxasında xarici qüvvələrin olduğunu deyib və kəşfiyyat xidmətlərindən "məsul şəxslərin tapılmasını" istəyir: "Məhsa Əmin adında bir xanım sentyabrın 13-də "əxlaq polisi" kimi tanınan İrşad patrulları tərəfindən Tehrana səfəri zamanı "giyim qaydalarına əməl etmədiyi" səbəbilə saxlanılıb. Sonra onun "ürəyində problem olduğuna görə" xəstəxanada öldüyü bildirilib. Rəsmi açıqlamaya inanmayan, Məhsa Əmininin döyüldüyünü və başından aldığı zərbələr nəticəsində öldüyünü hesab edənlər ölkə miqyasında etirazlara başlayıblar".
Politoloq bildirib ki, son illərdə İranda siyasi, iqtisadi, insan hüquqları və polisin zorakılığı ilə bağlı müxtəlif etirazlar daha çox keçirilir: "Amma bu etirazlar əvvəlkilərdən fərqlidir, çünki burda əsas iştirakçılar qadınlardı. Ona görə ki, dini qaydalar qadınların həyat tərzinə daha çox müdaxilə edir. Vətəndaşlarına siyasətlə məşğul olmasına və təşkilatlanmasına imkan verməyən, dövlətin insanların gündəlik həyatlarında davranışlarını da nəzarətdə saxlamağa, tənzimləməyə çalışan sistem demək olar ki, aşınma mərhələsindədir. Xalqla rejim arasında böyük bir uçurum, güvənsizlik yaranıb. İslam İnqilabının qurulmasını arzu edən şəxslərin böyük bir hissəsi yanıldıqlarını, verilən vədlərin heç birinə əməl edilmədiyini bildirirlər. Qapalı rejim, ölkəyə tədbiq olunan sanksiyalar xalqın iqtisadi vəziyyətinə, dolanışığına ağır təsir edir. Rejim totalitar hərəkətləri ilə özünü qorumağa çalışır".
Yalçın Hacızadə bildirib ki, keçirilən etirazlarda əsas hədəf polis sistemi və işçiləridir: "İranda polisin səlahiyyətləri genişdir və istənilən vəziyyətdə insanların həyatına, davranışlarına müdaxilə edə və məcburiyyət tədbirləri tətbiq edə bilir. Etiraz edənlərin çoxu polis tərəfindən saxlanılaraq, sonra xəstəxanada ölən Məhsa Əminin vəziyyətini yaşayıb və onlar polisin necə davrandığını, polis idarələrində nələrin baş verdiyini yaxşı bilirlər. Elə ona görə də hökümətin, polisin açıqlamalarına inanmırlar. İran dövlətinin xarici siyasəti, daxildə təməl insan hüquqlarının təmin edilməməsi, ağır iqtisadi şərait, etnik və milli hüquqların tanınmaması, əsasən də 30-35 milyonlq azərbaycanlıların diskriminasiyaya məruz qalmasının davam etməsini, dövlətin vahidliyini təhlükə altına salır. Yəni İran hər inqilabların əvvəlində olduğu kimi, "yuxarılar əvvəlki qaydada idarə edə bilmir, aşağılar da əvvəlki qaydada idarə olunmaq istəmir" vəziyyətindədir".