Fantaziya respublikalar elan etməkdənsə real işlər görmək lazımdır - Politoloq-Özəl

"200-dən çox Azərbaycan ziyalısı, müasir Ermənistan Respublikasının ərazisində Göyçə-Zəngəzur Respublikasının (GZR) yaradılması ilə bağlı bəyanat yayıb. Hətta Türkiyənin paytaxtı Ankara şəhərində də Respublikasının nümayəndəliyinin açılışı olub. Mənim də əslim Qərbi Azərbaycandandır. Özüm Bakıda dünyaya gəlsəm də ata-baba torpaqlarımı ən az orda yaşamış böyümüş insanlar qədər sevir və arzulayıram. Lakin bunun yolu hansısa qondarma respublika yaratmaq ya da bu kimi beynəlxalq hüquqa sığmayan məsuliyyətsiz, qeyri-ciddi addımlar atmaq deyil". Bunu "Olaylar"a deyən politoloq Turan Rzayevin sözlərinə görə,  bənzər addımlar bundan öncə də atılıb. Misal üçün sonuncu dəfə belə bir təşəbbüslə mənim çox hörmət etdiyim Kayseri Erciyez Universitetinin professoru, Qafar Çaxmaqlı çıxış edib. Qafar bəy İrəvan Türk Cümhuriyyətinin elan edildiyini bildirmişdi. Bildiyim qədər ondan öncə də Qərbi Azərbaycan Respublikası elan edilmişdi: "Birmənalı olaraq başa düşmək lazımdır ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu o deməkdir ki, o həm də keçmiş AXC ərazilərinin tarixi, hüquq yeganə varisidir. Yəni, bunun xaricində irəli sürülən təşəbbüs fantaziyadan başqa bir şey deyil. Təəssüf ki, Qərbi azərbaycanlı ziyalıların bir çoxu belə qeyri-ciddi işlərlə məşğuldur. Halbuki bilik və enerjilərini Qərbi azərbaycanlıların və ölkəmizin xeyrinə olacaq real işlərə sərf edə bilərlər. Misal üçün Qərbi azərbaycanlıların qaçqın statusunun onlara geri verilməsi kimi. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistanda bir nəfər də olsun Qərbi azərbaycanlı yaşamır. Bu reallıq çərçivəsində nəinki respublika təşəbbüsü heç muxtariyyət təşəbbüsü belə real deyil. Mənə görə hər şeydən öncə Qərbi azərbaycanlıların qaçqınlıq statusu onlara qaytarılmaldır. Bu hazırda ən önəmli məsələdir. Çünki 500 mindən artıq azərbaycanlı 1988-ci ildə öz doğma yurd-yuvalarından məcburi surətdə qovulub. Onu da qeyd edim ki, Ermənistan məhz Qərbi azərbaycanlıların qovulması sonrası Qarabağı işğal etdi. Yəni 500 min azərbaycanlı orda qalsa idi, bu, işğal olmaya bilərdi. Nəticə etibarilə fantaziya, respublikalar elan etməkdənsə real işlər görmək lazımdır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31