Cavid Osmanov: “Erməni terror təşkilatları yenə də Azərbaycanın diplomatik korpuslarını hədəfə alır, onlara qarşı hücumlar təşkil edirlər”- ÖZƏL
21 Sentyabr 2022 11:26 Siyasət"Erməni terroru yarandığı vaxtdan bu günə kimi, xüsusilə 1970-ci illərdən sonra hər zaman türkiyəli diplomatları hədəfə alıblar. Zaman-zaman görmüşük ki, qanlı hadisələrə yol açan, insan tələfatına səbəb olan terror hadisələri məhz erməni terror təşkilatları tərəfindən həyata keçirilib".
Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Cavid Osmanov son vaxtlar müxtəlif ölkələrdə Azərbaycan səfirliklərinə ermənilər tərəfindən edilən hücumlara münasibət bildirərkən səsləndirib. Millət vəkili qeyd edib ki, Ermənistan tərəfindən yaradılan terror təşkilatları kifayət qədər çoxdur və onların əksəriyyəti müxtəlif güc mərkəzləri tərəfindən dəstək görür: "Zaman-zaman biz bunun şahidi olmuşuq ki, onları terror əməllərinə görə cəzalandırmaq əvəzinə, əksinə bəraət qazandıranlar olub. Bu cəzasızlıq mühitinin nəticəsidir ki, erməni terror təşkilatları yenə də Azərbaycanın diplomatik korpuslarını hədəfə alır, onlara qarşı hücumlar təşkil edirlər".
Cavid Osmanov onu da təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanın ayrı-ayrı ölkələrdə yerləşən səfirliklərinə edilən hücumların qarşısı yerli hüquq-mühafizə orqanları tərəfindən alınmır və həmin ölkələrin öz üzərilərinə götürdükləri beynəlxalq öhdəlikləri yerinə yetirməməsi ilə müşahidə edilir: "Burada da riyakarlıq nümayiş etdirirlər. Onlar sanki bu proseslərdə bir seyrcilik missiyasi həyata keçirirlər. Hətta günorta saatlarında belə erməni terrorçuları Azərbaycan səfirliklərinə hücum təşkil edirlər. Görünən odur ki, Böyük Britaniyada radikal dini qruplaşmalar tərəfindən Azərbaycanın bu ölkədəki səfirliyinə edilən hücum, daha sonra Birləşmiş Ştatlar, Fransa və Livandakı səfirliklərimizə hücumlar, diplomatik korpuslarımıza hücum edən erməni vandallarının əxlaqsız davranışları, diplomatlarımıza qarşı təhqiredici ifadələrin işlədilməsinin qarşısı həmin ölkələrin hüquq-mühafizə orqanları tərəfindən alınmayıb. Bu da bir daha onu göstərir ki, müəyyən dairələr tərəfindən Azərbaycanın dünyada artan nüfuzu qəbul edilmir, onları ölkəmizin uğurları ciddi şəkildə narahat edir. Həmin dairələr də hansısa yolla Azərbaycana zərbə vurmağa çalışırlar. Buna görə də ermənilərin səfirliklərimizə qarşı təşkil edilən hücumlarının qarşısı həmin ölkələrin hüquq-mühafizə orqanları tərəfindən alınmır. Nəticə etibarilə bu kimi terror cəhdlərinin coğrafiyası genişlənir. Bir daha qeyd edirəm ki, bu kimi hallar, yəni səfirliklərimizin fəaliyyət göstərdikləri ölkələrin hüquq-mühafizə orqanları tərəfindən müdafiə edilməməsi Vyana Konvensiyasına ziddir, onların əksinə getməkdir. Çünki həmin sənəddə müəyyən öhdəliklər var və o öhdəliklərin yerinə yetirilməsi də birbaşa bu və ya digər ölkələrin üzərinə düşür. Çox təəssüflər olsun ki, bu günə kimi baş verən hadisələrin fonunda həmin ölkələrin üzərilərinə düşən öhdəlikləri yerinə yetirmədiklərini görürük".