Ermənistan prosesin uzanmasında maraqlıdır - ÖZƏL
20 Sentyabr 2022 13:02 Siyasət"Nensi Pelosinin Ermənistana səfərini "nənə" Ermənistana səfər etdi, "nənə" sənin nə işin var, get nəvələrinlə oyna kimi qiymətləndirmək yanlışdır, ciddiyə alınmalıdır, amma çox da narahat olmaq lazım deyil. Uzunmüddətli karyerasında Pelosi hər zaman türk düşmanlıyı edib. Səfər etdi deyə, Ermənistan birdən-birə qarşısıalınmaz qüvvəyə çevrilməyəcək. Corc Buş da Gürcüstana səfər etmişdi, amma sonra Rusiya Gürcüstana qoşun yeridib, Osetiya və Abxaziyanı "müstəqil" ölkə etdi".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Yalçın Hacızadə səsləndirib. O bildirib ki, həmçinin, səfəri guya ABŞ hökümətindən kənar Pelosinin "özfəaliyyəti" kimi" görmək və ya ancaq noyabrda konqresə keçiriləcək seçkilərə görə erməni lobbisindən dəstək almaq üçün edildiyi kimi izah etmək də yanlışdır:
"Pelosidən də əvvəl Mərkəzi kəşfiyyat orqanının rəhbəri səfər edib. Qısa müddətdə yüksək səviyyəli 2 ABŞ rəsmisinin Ermənistana səfəri bizdə şübhələr yaratmalıdır. Pelosinin Tayvan səfəri də rəsmi Vaşinqtondan kənar "özfəaliyyət" kimi qiymətləndirilirdi. Lakin Çinin narazılığı müqabilində ABŞ hərbi gəmilərini Tayvana dəstək üçün əraziyə göndərdi. Səfərin nəticələrinə Amerika reaksiya verirsə, deməli planlaşdırılmış və nəticələrini gözləyirmiş".
Politoloq diqqətə çatdırıb ki, səfəröncəsi Ermənistanın sərhəddə törətdiyi təxribata Pelosenin səfərinə hazırlıq kimi də baxmaq olar: "Bu təxribatla guya Ermənistan "zərərçəkən" tərəf olaraq göstərilməyə çalışıldı ki, Pelosi üçün Türkiyə və Azərbaycanı tənqid etmək imkanları yarandı. Həm də səfər öncəsi cəmiyyətdə anti-Rusiya əhval ruhiyəsini yüksəltməklə ABŞ-ın onları "qurtarması" üçün canfəşanlıq etdilər. ABŞ-a xoş görünmək üçün Pelosini qarşılanması zamanı hətta Ukrayna bayraqları belə qaldırılmışdı. Sərhəddəki gərginlikdən istifadə edərək Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının illik görüşünə də getmədi. Bununla həm Rusiyanın təsirindən yayınmaq üçün səbəb yaratdı, həm də Səmərqənddə görüşdə iştirakdan imtina etməklə ABŞ-a xoş görünərək, onun düşmən adlandırdıqları ilə bir olmadı. Ermənistan sülh razılaşmasının əldə olunmasını gecikdirməklə, məsələnin daha çox ictimailəşməsində, maraqlı qüvvələrin diqqətini cəlb edərək, onların qoşulmasını istəyir. Proses iştirakçılarının regionla bağlı müxtəlif maraqlarının olması və problemin həlli ilə bağlı xoşniyyətli olmamaları münaqişənin həllini çətinləşdirən haldir. Ermənistan da bundan, yəni prosesin uzanmasında maraqlıdır ki, güc toplaya bilsin".
Yalçın Hacızadə onu da deyib ki, səfər, terror dövləti, regionda sülühün yox işğalın, müharibənin qalmasında maraqlı olan Ermənistana dəstəkdir ki, bu da ABŞ-ın münaqişənin bitməsində maraqlı olmadığı, öz təsirini saxlamaq üçün hansısa bir formada regiona yenidən yol axtardığını göstərir6 "Bütün bunlar bizə ABŞ-ın niyyətinin, məqsədinin öyrənilməsi baxımdan faydalıdır. Ona görə imkan verməməliyik ki, prosesə digər maraqlı qüvvələr də qoşulsun".