Şuşada keçirilən biznes forum xarici iş adamlarının Qarabağın bərpasına cəlb edilməsi baxımından əhəmiyyətlidir - ÖZƏL

"Bu günlərdə Şuşada baş tutan biznes forum işğaldan azad edilən ərazilərə xarici sərmayələrin, xüsusilə türk dövlətlərinin iş adamlarının cəlb edilməsi və həmin ərazilərdə quruculuq-abadlıq işlərinin geniş vüsət alması baxımından əhəmiyyətli olacaq". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı səsləndirib. O qeyd edib ki, forumun məqsədi Türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunması idi: "Məlumat verildiyi kimi tədbirdə Türk Dövlətləri Təşkilatının daimi üzvlərinin-Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak edirdi. Forumun iştirakçı dövlətlərinin sayı həm də həmin ölkələrdən iş adamlarının, sərmayədarların Qarabağın quruculuq-abadlıq, bərpa prosesinə maraq göstərəcəyi anlamı verir. Hesab edirəm ki, bu kimi forumlar, tədbirlərlə biz işğaldan azad edilən ərazilərin bərpa və quruculuq işlərinə daha çox xarici sərmayədar, iş adamı cəlb edə bilərik".

Arzuman Muradlı qeyd edib ki, Azərbaycan dövlətinin də Qarabağın abadlaşdırılması, orada quruculuq işlərinin həyata keçirilməsinə imkanları çatır: "Lakin bu prosesdə bizə dost ölkələrin də iştirak etməsi ürəyimizcə olar. Ona görə də bu kimi tədbirlər, biznes forumlar vasitəsi ilə xarici iş adamlarında Qarabağa daha böyük maraq yaradılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31