Ölkəmizi zəiflətməyə uzanan əllərə qarşı ciddi mübarizə aparmalıyıq - Deputat

"ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistanda ölkəmizin əleyhinə çox qərəzli və qəbuledilməz bəyanat verib. Spiker Pelosi Azərbaycana qarşı qətnamə hazırlandığını, ermənilərə hər zaman kömək etməyə hazır olduqlarını söyləyib, ATƏT-in Minsk Qrupunu yenidən "diriltməyə" çağırıb. Nensi Pelosi noyabr ayında ABŞ-da parlamentə keçirilən seçkilərdə ermənilərdən daha çox dəstək almaq niyyəti ilə  hətta Zəngəzur dəhlizinin əleyhinə olduğunu da xüsusi vurğulayıb". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə,  əslində 1992-ci ildə ölkəmizə qarşı hərbi təcavüz edən Ermənistanı deyil,  təcavüzə və işğala  məruz qalan Azərbaycanı cəzalandırmaq üçün "Azadlıq aktına 907-ci düzəlişi" qəbul edən ABŞ Konqresindən və onun spikerindən ədalət və beynəlxalq hüquqa hörmət gözləməyin mənası yoxdur: "Bunu vurğulamaqla yanaşı, Nensi Pelosinin bu cür təhrikçi və bölgədə sülhə və təhlükəsizliyə böyük zərbə olan, revanşistləri daha da qızışdıran bəyanatını qəti şəkildə pisləyirik və ABŞ-da yaşayan soydaşlarımızı, qardaş və dost xalqların bu ölkədəki diaspor təşkilatlarını bu məsələdə xüsusu həssas olmağa, ciddi etirazlarını bildirməyə çağırırıq. Pelosi kimi siyasətçilərin bəyanatlarını gördükdə bir daha anlayırsan ki, Azərbaycan Prezidenti, Azərbaycan xalqı və Azərbaycan ordusu 44-günlük ikinci Qarabağ savaşında  Ermənistanı məğlub edərək torpaqlarını işğaldan azad etməklə nə qədər böytük tarixi zəfərə və başarıya imza atıb. Bu zəfərin və qələbənin qiymətini daha çox bilək, birliyimizi, gücümüzü və dövlətimizi daha da güclü qoruyaq! Hamımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməliyik və ölkəmizi zəiflətməyə uzanan əllərə və niyyətlərə qarşı ciddi mübarizə aparmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31