Pelosinin Qarabağa səfər etməsi ağılsız bir addım olardı - ÖZƏL

Ermənistan hakimiyyəti, eləcə də erməni lobbisi bir neçə gündür ki, bu ölkədə səfərdə olan Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfər zamanı Xankəndinə getməsinə ciddi cəhdlə çalışsa da, lakin arzu edilən səfər baş tutmadı. Ancaq buna baxmayaraq, Pelosi Ermənistanda Azərbaycan və Türkiyəyə qarşı kifayət qədər qərəzli fikirlər, eyni zamanda Bakı və Ankaranı ittiham dolu ifadələr səsləndirdi.

Nensi Pelosinin Ermənistana səfəri və orada keçirdiyi görüşlərdə Azərbaycan və Türkiyəni hədəfə alan ifadələr işlətməsinə münasibət bildirən politoloq Vüqar Əhmədov "OLAYLAR"-a verdiyi açıqlamada deyib ki, bu məsələdə erməni lobbisinin gücü xüsusilə nəzərə alınmalıdır: "Unutmaq olmaz ki, ABŞ-da çox güclü erməni lobbisi var və bu istiqamətdə fəaliyyət aparır. Digər tərəfdən hazırda ABŞ-da daha çox ermənipərəst bir qüvvələr iqtidardadır və Ermənistana mümkün olan dəstəyi göstərirlər. ABŞ rəsmilərinin son açıqlamalarında da biz bunun şahidi olduq. Bu gün Ermənistandakı hakimiyyət faktiki olaraq ABŞ-ın İrəvandakı səfirliyindən idarə olunur və bu heç kimə sirr deyil. ABŞ özü 2003-cü ildən BMT və digər beynəlxalq qanunlara hörmətsiz yanaşaraq onları heç edib, ona görə indi kimdənsə nəyisə tələb etmək üçün bütün mənəvi haqqını itirib. Xüsusən ABŞ-ın indiki administrasiyasının istər Qafqaz siyasəti, istərsə Türkiyə ilə münasibətləri gərginləşdirən addımları, eləcə də Rusiya-Ukrayna müharibəsində bütün Avropanı böhrana soxması və öz büdcəsindən milyardlarla vəsaiti bu müharibəyə sərf etməsi, deyilənlərin sübutudur. Düşünürəm ki, dırnaqarası demokrat olan ermənipərəst Pelosi 907-ci düzəlişin müəllifi olan Baydeni tezliklə tarixin arxivinə göndərəcək".

Vüqar Əhmədov onu da deyib ki, Nensi Pelosinin indiki gərgin vəziyyətdə Qarabağa səfər etməsi isə  ağılsız bir addım olardı: "Xüsusən indiki dönəmdə vəziyyətin daha da gərginləşməsinə xidmət edə bilər.  Bu həm də Azərbaycan-ABŞ münasibətlərinə çox mənfi təsir edərdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31