Revanşist siyasət Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq - JALƏ ƏHMƏDOVA
17 Sentyabr 2022 18:50 Siyasət13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini də aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.
Qeyd etmək lazımdır ki, bu gün güc amili öz aktuallığını qoruyub saxlamaqdadır. Cari ilin 27 iyun tarixində Prezidenti İlham Əliyevin Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında dediyi kimi, "Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir." Bu baxımdan, 13 sentyabr tarixində yaşanmış insident də bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyətə malikdir.
13 sentyabr tarixində baş vermiş və rəsmi İrəvanın digər təxribatları bir daha onu göstərir ki, qaçqın və məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması prosesində tələsmək olmaz. Bu proses Prezident İlham Əliyevin dediyi kimi, planlı şəkildə həyata keçirilməlidir.
Jalə Əhmədova - Milli Məclisin deputatı