ABŞ-ın addımları bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir - ÖZƏL
16 Sentyabr 2022 13:17 Siyasət"Son dövrlər ABŞ-ın addımları bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. Bu addımlarla Amerika Birləşmiş Ştatları Azərbaycanı özündən daha da uzaqlaşdırır".
Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, çox yaxın tarixdə Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni təyin olunmuş nümayəndəsinin Bakıya səfərini xatırlasaq artıq vəziyyətin nə yerdə olduğu aydın olur: "Ondan daha biraz əvvəl ABŞ səfirinin Şuşada keçirilən konfransa qatılmaması da Azərbaycan cəmiyyətində narazılığa səbəb oldu. Yaxın günlərdə Konqresdə Qarabağdakı separatçı-terrorçu rejimin qondarma "xarici işlər naziri" David Babayan çıxış edəcək".
Vüqar Əhmədov bildirib ki, bu gün Ermənistandakı hakimiyyət faktiki olaraq ABŞ-ın İrəvandakı səfirliyindən idarə olunur və bu heç kimə sirr deyil: "ABŞ özü 2003-cü ildən BMT və digər beynəlxalq qanunlara hörmətsiz yanaşaraq onları heç edib, ona görə indi kimdənsə nəyisə tələb etmək üçün bütün mənəvi haqqını itirib". Politoloq onu da deyib ki, ABŞ-ın indiki administrasiyasının istər Qafqaz siyasəti, istərsə Türkiyə ilə münasibətləri gərginləşdirən addımları, eləcə də Rusiya-Ukrayna müharibəsində bütün Avropanı böhrana soxması və öz büdcəsindən milyardlarla vəsaiti bu müharibəyə sərf etməsi doğru siyasi gediş deyil.
--