Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün qətiyyətli tədbirlər görmək hüququna malikdir
16 Sentyabr 2022 10:28 Siyasətİstiqamət -Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
44 günlük Vətən müharibəsində açı məğlubiyyətə məruz qalan Ermənistan nəinki üçtərəfli bəyanatın şərtlərini icra etmir, hətta dövlət sərhədində təxribatlar törətməkdə davam edir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tələblərini kobud şəkildə pozan Ermənistan mütəmadi olaraq hərbi təxribata əl atır. Belə ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Bununla kifayətlənməyən Ermənistan təxribat xarakterli bəyanatlar yaymaqla Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub. İşğalçı ölkənin rəsmiləri bununla bağlı hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da müraciət edərək hərbi yardım istəyib. Lakin Ermənistanın təxribat əməlləri cavabsız qalmayıb, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Buna baxmayaraq, təxribatçı əməlindən əl çəkməyən Ermənistan silahlı qüvvələrinin bölmələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının tələblərini kobud şəkildə pozaraq 2022-ci il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Birinci Qarabağ müharibəsi iştirakçısı, kapitan Norəl Abasov qeyd edib ki, Ermənistan heç vaxt ölkəmizə qaşı məkirli niyyətindən əl çəkməyib. Hətta bu niyyətini gizlətməyərək açıq-aşkar təxribat hadisələri törədib. Sentyabrın 12-də də Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun "Qətiyyətli cavab" əməliyyatı uğurla başa çatıb. Ən qısa müddətdə, ən yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirilib. Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib".
Onun bildirdiyinə görə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşımaqla yanaşı, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunurdu: "Nəhayət Ermənistan tərəfi təxribat törətdi. Azərbaycan Ordusu qətiyyətlə bu təxribatın qarşısını aldı. Həyata keçirilən əməliyyat zamanı qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edildi və yaralandı, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi. Azərbaycan Respublikası dəfələrlə bildirib ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq".
Onun sözlərinə görə, Azərbaycanın başqa dövlətin ərazisini işğal etmək niyyəti yoxdur, lakin onun sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən qətiyyətli tədbirlər görmək hüququna malikdir. Ermənistan isə məlum təxribat əməllərinə görə məsuliyyət daşıyır. Hadisələrin gedişi deməyə əsas verir ki, beynəlxalq təşkilatlar baş verənlərə hələ də ikili standartlardan yanaşırlar. Ermənistanın 30 illik işğalçılıq siyasətinə göz yuman beynəlxalq ictimaiyyət bu gün də erməni təxribatına göz yumur. Bu kimi ikili standartlar həmin beynəlxalq təşkilatların imicinə, həm də Azərbaycanın xalqının onlara olan inamına xərbə vurur. Təsəvvür edib, Azərbaycanın dövlət sərhədləri pozulur, 30 illik işğaldan azad edilmiş ərazilərdə Ermənistan dövləti diversiya qrupları vasitəsilə təxribat törədir, Azərbaycanın dövlət sərhədlərini pozur, sərhəd boyu ərazilərdə ordumuzun mövqelərinə atəşə açır, lakin beynəlxalq təşkilatlar heç bir mövqe sərgiləmir. Bütün bunlara baxmayaraq Azərbaycan tərəfi Ermənistanın törədilmiş olduğu sülh və insanlıq əleyhinə cinayətlər, həmçinin müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətini daha da artırmalıdır".
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir