Prezident İlham Əliyev Özbəkistanda səfərdədir
15 Sentyabr 2022 17:08 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfər edib.
Səmərqənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezidenti Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
İlham Əliyev Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib, məzarı önünə gül dəstəsi qoyub.
Daha sonra Prezident İlham Əliyevin həmkarı Şavkat Mirziyoyev ilə görüşü baş tutub. Özbəkistana dövlət səfərini xoş təəssüratlarla xatırladığını vurğulayan Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib. Şavkat Mirziyoyev dəvəti məmnunluqla qəbul edib. Şavkat Mirziyoyev ilə görüşdən sonra İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.