"Bakının azad edilməsi iki qardaş dövlətin simvolu olaraq, bir əsrdir yaşayır"- ÖZƏL

"Ötən əsrin ilk onilliyində Qafqaz İslam Ordusunun Bakıya gəlişi 15 sentyabr tarixində baş tutub. Hərbi əməliyyatlar iki dövlətin eyni mənşəyə sahib olması ilə bərabər, həm də  mənəvi qardaşlığı ortaya qoyub. Çünki, Azərbaycan varolma mübarizəsi ilə üz-üzə idi. Erməni-bolşevik birləşmələri Azərbaycanın paytaxtını öz nəzarətinə keçirməklə, rəhbərliyi ələ almaq istəyirdi. Bunun nəticəsində isə Azərbaycan tamamilə yox olma təhlükəsi ilə qarşılaşdı. Belə çətin vəziyyətdə qardaş öz qardaşlığını göstərdi. Baxmayaraq ki, o dövrdə Osmanlı dövlətinin birinci dünya müharibəsi ilə bağlı çox ciddi problemləri var idi".

Bu sözləri Olaylara açıqlamasında politoloq Natiq Miri deyib:

"Dünya dövlətləri Osmanlıya qarşı böyük bir ittifaq qurmuşdu. Osmanlı dövləti dağılma təhlükəsi fonunda olsa da, Azərbaycanı tək buraxmadı. Azərbaycan xalqı buna görə də Qafqaz İslam Ordusu komandanı Nuru Paşanı heç zaman unutmayacaq.  Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın bir çox stratejik nöqtələri mənfur erməni-bolşevik birləşmələrindən təmizləndi. Nəhayət,  15 sentyabrda paytaxt Bakı azad edildi. Bu, azadlıq 2 qardaş dövlətin simvolu olaraq, 1 əsrdir yaşayır. Çox maraqlıdır ki, tarix yenidən təkrar olunur. Yəni, bir əsr bundan əvvəl konkret səbəblər var idisə və bu səbəbləri aradan qaldırmaq üçün Qafqaz İslam Ordusu Azərbaycana gəlmişdisə, 1 əsr sonra 2020-ci ilin sentyabr ayında başlayan 44 günlük Vətən müharibəsində də növbəti dəfə Türkiyə öz qardaşının yanında oldu. Türkiyə həm mənəvi-psixoloji,həm də hərbi dəstəyi ilə Azərbaycanın işğal altında olan torpaqları azad etmə əməliyyatında yanında oldu. Demək olar ki, Türkiyə bu proseslərdə həlledici rol oynadı. Bu faktlar göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı arasına girmək, sarsıtmaq mümkün deyil. Bu birlik mövcud olduqca, hər iki dövlətə zaval yoxdur.  Azərbaycan-Türkiyə birliyi təkcə bu iki ölkənin yox, bütün türk dünyasının birliyidir. "Şuşa bəyənnaməsi" Turana  aparan yolun xəritəsidir. Düşünürəm ki, bu yöndə artıq addımlar atılmağa başlanıb. 
Son təxribatlarda riyakar Ermənistan yenidən Azərbaycanı çətin vəziyyətdə, Rusiya ilə üz-üzə qoymaq üçün KTMT-ə müraciət etdi. KTMT-nin bu istəyin əleyhinə qərar verməsində yenə də türk dövlətləri- Qazaxıstan və Qırğızıstan böyük rol oynadı. Bu faktın özü də göstərir ki, türk birliyinə aparan yolda iki əsas ölkə var. Türkiyə və Azərbaycan. Bu, avantajlar gələcəkdə bu  birliyin sözün əsl mənasında siyasi, iqtisadi,mədəni ittifaqa çevrilməsi üçün çox böyük fundamentdir. Tarixin yenidən təkrar olunması qətiyyən təsadüf deyil. Ona görə ki,səbəblər eynidir. Bu gün Azərbaycanı və qardaş Türkiyəni sıxışdırmaq, məğlub etmək,öz nəzarətinə keçirmək istəyən qlobal güclər var.  Geosiyasi mühit məcbur edir ki, bütövlükdə türk etnosu birləşsin. Baş verən hadisələr bu yola aparan vasitələrdir. Həm Türkiyəni,  həm də Azərbaycanı növbəti ildönümü münasibətilə təbrik edirəm. İnşallah, bu birlik heç zaman sarsılmayacaq. Qələbəyə və uğura aparan birlik olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31