Bakının xilası Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi - ÖZƏL
15 Sentyabr 2022 15:13 Siyasət"Bu gün Azərbaycan xalqı Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 104-ci ildönümünü qeyd edir. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etmişdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, 1918-ci ilin iyulunda Qafqaz İslam ordusu Bakını azad etmək istiqamətində hərəkətə keçmişdi: "1918-ci il sentyabrın 15-də Qurban bayramı günündə Bakı işğalçılardan azad edilmiş, bəzi mənbələrə əsasən şəhərin azadlığı uğrunda gedən döyüşlərdə mindən çox türk əsgər və zabitləri, yerli əhalidən isə beş mindən çox insan şəhid olmuşdu. Bu böyük zəfər yolunda şəhid olanları dərin hörmət və ehtiramla yad edir, ruhları qarşısında baş əyirik. Eyni zamanda, onu da qeyd etməliyik ki, Azərbaycan -Türkiyə arasındakı münasibətlərin yüksək Ali dəyərlər əsasında inkişaf etməsi, hər iki ölkənin keçdiyi tarixi dönüm nöqtələrinin məntiqi nəticəsidir. 15 sentyabr tarixi də belə dönüm nöqtələrindən biridir. Beləki, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi. İnanırıq və ümid edirik ki, bugün olduğu kimi gələcəkdə də Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarına uyğun olaraq, hər iki ölkə arasındakı münasibətlər bütün sahələrdə müvəfəqiyyətlə inkişaf edəcək və genişlənəcək".