104 il öncə Bakının qurtulduğu tarix

"Azərbaycan  Xalq Cümhuriyyəti haqqında xeyli tədqiqat aparılıb, kitablar, məqalələr yazılıb. Ancaq  həmin tarixi dövr hər zaman öyrənilməlidir. Çünki tarix, keçmişdən ibrət dərsi götürüb  gələcəyi  qurmaq üçün önəmli  bir məqamdır". "Olaylar" xəbər verir ki, bunu deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib ki, Xalq Cümhuriyyətində  təmsil olunan insanların  bu qədər millətsevər olması  bizi qürurlandırır. Biz o insanların həyat yoluna nəzər salanda fəxarət hissi keçiririk.  Bu insanlarda nə qədər güclü  fədakarlıq,  sözün yaxşı mənasında bir millətçilik olub ki, mümkün olmayan  bir şeyi həyata keçiriblər. Azərbaycan  Xalq Cümhuriyyəti  müstəqilliyə nail olmaqla, 114 min kv. km ərazini dünyaya tanıtmaqla müasir dövlətçiliyimizin əsasını qoyub. Bəlkə də həmin  AXC qurulmasaydı Azərbaycan sonrakı dövrlərdə  Rusiyanın hansısa muxtar vilayəti kimi qala bilərdi. Nəhayət  104 il öncə Bakının azad edilməsi həm şəhərin, həm də ümumilikdə Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə olub. Həqiqətən   azərbaycanlıların  iştirakı və türk qardaşlarımızın dəstəyi ilə yaranan  Qafqaz İslam Ordusunun  gəlişi  minlərlə günahsız insanı fəlakətdən,  erməni vəhşiliyindən qurtardı. Bu barədə  böyük ziyalı,  dahi bəstəkar Üzeyir Hacıbəyli 1918-ci ilin mart-may aylarında ermənilərin bu hərəkətləri ilə bağlı yazırdı ki, əgər Turk qəhrəmanları vaxtında köməyə gəlməsəydilər, azğınlaşmış ermənilər nəinki Bakıda, Şamaxıda, Qubada, bəlkə də bütün Azərbaycanda daşı daş üstə qoymazdılar:

"Bakının 6 aylıq işğalna son qoyulması  Azərbaycanın demokratik dövlətçilik  tarixinin formalaşmasına, dövlət kimi hüquqi və faktiki cəhətdən tanınmasına təkan verdi.  Düzdür, Bakının 104 il öncə işğaldan azad olunmasını aşağılamaq istəyən, həmin hadisələri müəyyən məbləğdə pul vəsaitinin  ödənilməsi nəticəsində əldə edildiyini qeyd edən milli xəyanətkarlar oldu. Ümumiyyətlə, Azərbaycanın ədalətli mövqeyinə zərbə vuran,  müqqədəs işləri ləkələyənləri lənətləmək, qınamaq lazımdır. O zaman  yüzlərlə Azərbaycan və türk əsgəri birlikdə  öz şirin canlarından keçib  Bakının azad olunması yolunda şəhid oldular. Bu gün biz həmin insanları böyük ehtiram hissilə anırıq. Onların ruhları qarşısında baş əyirik. Hansısa bir şarlatan çıxıb bu müqqədəs işlərə,  bu ülvi amallara ləkə yaxırsa onun milli kimliyi, dini, imanı şübhə doğurur.

Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəlixan Xoylu 1918-ci il, 19 sentyabrda Nuru Paşaya müraciət ünvanlamışdı: "Qafqaz İslam Ordusunun Komandanı Səadətli Nuru Paşa cənablarına! Komandanlığınız altındakı cəsur əsgərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim şəxsinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar duyuram".

Böyük ideallar uğrunda vuruşan və siyasətə əxlaqi dəyərlər gətirən Azərbaycan  Xalq Cümhuriyyətnin simaları  bizim üçün hər zaman örnək olaraq qalacaqlar. Onların irsi daim öyrənilməlidir. Sonda o nəhəng insanlardan birinin fikri ilə fikrimi bitirirəm.  Cümhuriyyətin  önəmli simalarından  olan  Əli bəy Hüseynzadə yazırdı: "Biz istəyirik ki, ölkəmiz avropalıların mədəsində həzm olunmasın. Onların mədəsində həzm olunmamaq üçün bir çarə varsa, o da onların beyinlərinin məhsulunu alıb həzm etməkdən ibarətdir".  Gerçəkdən  onlar böyük ideallar uğrunda mübarizə aparırdılar. Lakin dost olmayan  qonşu dövlətlər Azərbaycanın uğurunu,  dövlət kimi möhkəmlənməsini  həm o zaman, həm indi həzm edə bilmirlər. Belə təhlükələr hər zaman gözləniləndir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31