Ermənistan Azərbaycanla total düşmənçilik aparır

"Ermənistan mənfur əməlləri ilə Azərbaycanı öz haqq savaşından döndərə bilməyəcək".

Bu sözləri Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Ermənistan ordusunun mülki əhalini, mülki infrastrukturu atəşə tutması, təxribatlar törətməsi, terror, diversiya əməliyyatları həyata keçirməsi bizim üçün ilk deyil. Biz tarixdən bilirik, uzaq tarixdə də, yaxın tarixdə də ermənilər tərəfindən mülki əhalini atəşə tutmaq, onlara, əsir və girovlara işkəncə vermək, faciələr, soyqırımlar törətmək kimi hadisələrin şahidiyik. O baxımdan onlar İkinci Qarabağ müharibəsində də Gəncə, Bərdə, Tərtər və s. şəhərlərimizdə yaşayış məntəqələrimizdə mülki əhalini raketlərlə, qadağan olunmuş silahlarla atəşə tuturdular. İndi bu hadisələr davam edir.
Azərbaycan ordusunun Ermənistanda istər sərhəd ərazilərdəki erməni mülki infrastrukturunu, əhalini, istər Qarabağ iqtisadi zonasında yaşayan erməni əhalini, hətta istərsə, İrəvandakıları belə hədəfə almaq, darmadağın etmək imkanı var. Azərbaycan ordusunun buna texniki olaraq da, təchizat olaraq da hər baxımdan imkanı var. Amma Azərbaycan ordusu, əsgəri, hərbçisi o səviyyəyə düşmür. Bizim hədəflərimiz ancaq hərbi obyektlərdir. Ermənistan isə hər zaman olduğu kimi mülki əhalini, mülki infrastrukturu atəşə tutur və onlar bununla Azərbaycanı tutduğu mövqedən, davranışdan, Azərbaycanın haqlı tələblərindən bir növ sanki, şantaj etməklə vaz keçirtmək istəyirlər.
Sülh prosesinə zərbə vurmaq, mövzunu uzatmaq istəyirlər. Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı prosesi uzatmaq istəyirlər. Ermənilərin məqsədi və niyyəti budur. Hərbi obyektlərə hücum zamanı da bu niyyətlə təxribat edirlər, mülki əhalini hədəfə almaqla da bəd niyyətlərini həyata keçirmək istəyirlər. Amma onlar birmənalı şəkildə bilməlidirlər ki, Azərbaycan əvvəla ona qarşı olan heç bir hərəkətləri cavabsız qoymayacaq, qoymur da. İstər hərbçilərimizin şəhid olması, mülki şəxslərin həlak olması, fərq etmir. Hamısının qisası alınır və alınacaq. Bu cür xain üsullarla Azərbaycanı tutduğu haqq yolundan döndərmək mümkün olmayacaqdır".


"Bakı xəbər" qəzetinin baş redaktoru, politoloq  Aydın Quliyevin sözlərinə görə, ermənilərin yeritdiyi mənfur siyasət dinc əhalidən qisas almaqdan ibarətdir:
"Üçtərəfli formatda əldə olunmuş razılaşmadan sonra Ermənistanın sərhədlərdə və təmas xəttində ağır təxribatlar törətməklə sülh prosesini pozması onun üçün artıq ənənəvi bir siyasətə, siyasi kursa çevrildiyi kimi, Azərbaycanın dinc sakinlərini, kənd təsərrüfatı ilə məşğul olan, öz mal-qarasını saxlayan dinc insanları fürsət düşən kimi amansız şəkildə hədəfə əlması da eynilə Ermənistanın ənəvi davranışlarından biri kimi özünü göstərməkdədir.
Biz bu 30 ildə həmişə gördük ki, Ermənistan həm sərhədlərdə, həm də Dağlıq Qarabağın ətrafında işğal etdiyi Azərbaycan rayonlarında olan təmas xətlərində azərbaycanlı əsgərlərlə bərabər, dinc sakinlərə də heç vaxt aman vermir, onlara amansız şəkildə divan tutur. Ermənistanın heç bir zərurət olmadan dinc sakinləri və mülki infrastrukturu dağıtmasını Vətən Müharibəsi günlərində də gördük. Heç bir hərbi zərurət olmadan Bərdənin, Ağcabədinin, Gəncənin dinc sakinlərini, özü də kütləvi nəticələr vermək şərtilə necə divan tutduqları hələ azərbaycanlıların yadından çıxmayıb. Həmin amansız təcavüz siyasəti bu gün də davam edir. Necə ki, 30 ildə ermənilər sərhəd və təmas xəttində dinc sakinlərə divan tutmağı azərbaycanlılardan və Azərbaycan dövlətindən qisas almağın bir üsulu kimi həyata keçirirdilər, elə bu gün də artıq Kəlbəcər, Laçın istiqamətində onların atdıqları addımlar məhz dinc əhalidən qisas almağa yönəldilib. Ona görə ki, həmin bölgələrdə, yəni, sərhədlərdə yerləşən, mal-heyvan saxlamaq və kənd təsərrüfatı işləri ilə öz dolanışığını həyata keçirən insanlar ermənilərin qəsbkar, talançı və işğalçı siyasətləri yolunda bir maneədir. Həmin ərazilərdə Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif postları, istər sərhəd xidmətinin, istər Müdafiə Nazirliyinin müvafiq postları ermənilərin təcavüzkar planları yolunda ciddi maneələr olduğu kimi, bu ərazilərdə ciddi şəraitdə öz yaşamını sürməkdə olan dinc azərbaycanlılar da eynilə ermənilərin gözündə həmin maneələrdir. Azərbaycan əsgəri ilə bərabər həmin ərazilərdə öz gündəlik həyatını sürən azərbaycanlı ailə, azərbaycanlı çoban, fermer ermənilərin nəzərində onların istilaçılıq planlarını həyata keçirmək yolunda məhz Azərbaycan əsgəri, zabiti, hərbi hissələri qədər bir maneədir. Ermənistanın Silahlı Qüvvələrinin sərhədlərdə dinc azərbaycanlıları atəş hədəfi seçməsi, öldürməsi və onu bu gün, bu saatda da davam etdirməsi məhz bununla bağlıdır.
İkinci səbəb onunla bağlıdır ki, Ermənistan Azərbaycanla total düşmənçilik aparır. Bu düşmənçiliyin kökündə təkcə Azərbaycanın Silahlı Qüvvələrini, Azərbaycanın dövlətini, onun tarixini, mədəniyyətini, dinini məhv eləmək dayanmır. Bu düşmənçiliyin kökündə azərbaycanlıları etnik türklərin bir qolu olaraq tamamilə məhv etmək niyyəti dayanır. Təbii ki, onlar bu niyyətlərini həyata keçirə bilməyəcəklər. Ona görə ki, həm müasirlik, həm də tarixilik baxımından özlərindən qat-qat güclü qüvvə ilə qarşı-qarşıyadırlar. Amma hər halda onlar niyyətlərindən geri çəkilmirlər.
Beləliklə, sərhədlərdə dinc azərbaycanlıların hələ də Ermənistan Silahlı Qüvvələri tərəfindən hərbi obyektlər kimi hədəfə alınması və məhv edilməsi Ermənistan dövlətinin təcavüz sifətinin mahiyyətini müəyyən edən təzahürlərdən biridir və biz bunu da Ermənistanın Azərbaycana qarşı hələ də davam edən təcavüzkar siyasətinin təzahürü kimi qiymətləndiririk".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31