Ermənistanın Tovuz ssenarisini təkrarlamaq cəhdi

Və KTMT-yə olan ümidlərin puça çıxması

Təəssüflər olsun ki, Ermənistan bu dəfə də ənənəvi üsul və vasitələrdən, sülh prosesinə mane olmaq cəhdlərindən istifadə etdi. Qarabağ münaqişəsi başlayandan bu günə qədər İrəvan həmişə son məqamda, danışıqlar prosesində yekun nəticə əldə olunan ərəfədə gərginliyi artırıb, Azərbaycana qarşı təxribatlara rəvac verib.

44 günlük müharibədən sonra iki ölkə arasında sülh müqaviləsinin bağlanması məqsədilə aparılan uzunmüddətli danışqlar və yaxın aylarda sülh müqaviləsinin ilkin variantının hazır olacağı barədə xəbərlər yayılar-yayılmaz Ermənistan dövlət sərhədində növbəti təxribata əl atdı. Sentyabrın 12-dən etibarən Ermənistan- Aəzrbaycan sərhədində gərginlik davam edir. Döyüşlər Ermənistanın ara verməyən təxribatlarının nəticəsində başlandı. Rəsmi məlumata görə 50 şəhidimiz var. Ermənistanın itkiləri isə dəfələrlə çoxdur. Hərbi əməliyyatlar nəticəsində qarşı tərəfə çox ciddi zərbə vurulub. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib. Hazırda Ermənistanda yüzlərlə yaralı var.

Cərəyan edən proseslərə diqqət çəkən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib ki, əslində döyüşlərin başlanacağı gözlənilən idi. Azərbaycan Ordusunun "Qisas" əməliyyatı da məhz qarşı tərəfin sabotajlarına cavab idi: "Hazırda baş verən hadisələr 2020-ci ildəki Tovuz döyüşlərini xatırladır. O zaman olduğu kimi, bu dəfə də təxribatlar günlərlə davam etdi və nəhayət, Azərbaycan adekvat cavab verdi. İkincisi, yenə də təxribatlar sərhəddə təkrarlandı. Üçüncüsü, Tovuz döyüşlərində olduğu kimi, bu dəfə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) proseslərə cəlb etmək istiqamətində səylər var. Əlbəttə, Ermənistanın bu dəfə də məkrli niyyətini həyata keçirə bilməyəcək. Çünki Türkiyə KTMT-nin proseslərə müdaxiləsinə imkan verməz. Həmçinin KTMT daxilindəki türkdilli dövlətlər də buna razı olmaz. Nəzərə almaq lazımdır ki, Qazaxıstan artıq Ermənistana sülhməramlı kontingent göndərməyəcəyini bildirib. Həm də KTMT-nin proseslərə müdaxilə etməyə mənəvi haqqı yoxdur. Çünki qurum daxilində Azərbaycanın əslində özünü müdafiə etdiyini anlayan dövlətlər var".
O bildirib ki, son günlər diqqət çəkən başqa bir məqam Ermənistan Baş naziri Nikol Paşinyanın telefon danışıqları ilə bağlıdır:

"O, Fransa, ABŞ, Rusiya, İran rəsmiləri ilə tələm-tələsik müzakirələr apardı. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel isə ən sonda danışdı. Bu, göstərir ki, Ermənistan hökumət başçısı Brüssel razılaşmalarına sadiq deyil. Əgər o, birinci Mişel ilə danışsa idi, bunun əksini düşünmək olardı. İndiki halda isə Paşinyanın "sürüşkən" regional siyasət yeritdiyini deyə bilərik. Əlbəttə, təxribatlarda maraqlı olan qüvvələr. Xüsusilə ölü Minks Qrupunun keçmiş həmsədrləri- Rusiya, Fransa və ABŞ üçün belə provokasiyalar arzuolunandır. Çünki onların hər biri bu yolla Cənubi Qafqazdakı təsir dairələrini gücləndirə biləcəkləri barədə düşünürlər".
Mərkəz rəsmisinin sözlərinə görə, bu gün Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti fəaliyyətə başlayır. İclas iki gün çəkəcək: "Sammitdə Prezident İlham Əliyevin, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın, Rusiya lideri Vladimir Putinin, Ermənistan baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi gözlənilir. Yəqin ki, sammit çərçivəsində mühüm görüşlər keçiriləcək. Ermənistanla Azərbaycan arasındakı gərginliyin müzakirə ediləcəyi də mümkündür. İstisna deyil ki, Paşinyana sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən təzyiqlər göstəriləcək. Hərçənd Rusiya bunda maraqlı deyil. Sərhəddə davam edən gərginlik əslində Paşnyan hakimiyyəti üçün fürsətdir. Əgər o, sülh sazişinin imzalanmasında maraqlıdırsa, onda bunun qaçılmaz və zəruri olduğunu müxalifətə izah edə bilər. Ermənistan iqtidarının əslində nə istədiyini isə zaman göstərəcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31