Ermənistanın daha bir şansı fiaskoya uğradı

44 günlük Vətən müharibəsində bütün ordu strukturu, canlı qüvvəsi və hərbi texnikası darmadağın edilən təcavüzkar Ermənistan deyəsən havadarlarının hesabına yenidən baş qaldırmaq niyyətinə düşüb. "Dəmir yumruğ"un təsirindən başgicəllənməsinə düçar olan təcavüzkar dövlət öz xislətindən əl çəkməyərək gecə-gündüz təxribat planları üzərində işləməkdə davam edir. Məsələ orasındadır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi açıq-aşkar genişmiqyaslı təxribat planına bütövlükdə ölkəni səfərbər edə bilib. Müşahidələr deməyə əsas verir ki, Ermənistanın 12-13 sentyabrda sərhəd təxribatının törədilməsində erməni diasporasından tutmuş dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar qədər maraqlı olub. Yerli və xarici mətbuat, o cümlədən səfirlik və digər diplomatik korpuslar Ermənistanı "təmizə çıxarmaq" üçün ideoloji zəmin hazırlayıblar.

Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə üçtərəfli görüş zamanı 10 noyabr 2020-ci il bəyənatında əksini tapmış müddəaların icrasına söz verməsinə baxmayaraq, Vladivastokda Vladimr Putinin havasını udan kimi təxribatçı əməllərini reallaşdırmaq niyyətinə düşür. Məlum olduğu kimi sözügedən sənəddə sərhədlərin delimikasiya və  demarkasiyası məsələsi var ki, Ermənistan bu istiqamətdə komissiya yaradılmasından o tərəfə keçməyib. Havadarlarından təlimat alan təcavüzkar dövlət bu öhdəliyi icra etmək əvəzinə gecə saatlarında sərhədlər müəyyən edilməmiş ərazidə minalar basdırmağa başlayıb, sərhəd boyu irimiqyaslı hərbi texnika cəmləşdirib. Nəhayət, 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində geniş miqyaslı təxribat törədib. Heç şübhəsiz ki, Ermənistanın bu addımları Azərbaycanın suverenliyinə təhdid kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Ermənistanın təxribatı nəticəsində hətta 2 mülki şəxs yaralanıb. Öz ərazi bütövlüyü və suverenliyini təmin etmək hüququna malik Azərbaycan Ordusu heç bir mülki şəxs və obyektə zərər yetirmədən Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurulan bütün hərbi təyinatlı obyektləri darmadağın edilib. Çünki həmin hərbi təyinatlı obyektlər birbaşa Azərbaycanın təhlükəsizliyinə təhdid yaradırdı. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda  hərbi obyekti və onlarla postu məhv edilib. Hərbi ekspertlərin qənaətinə görə, Ermənistanın hərbi obyektlərinə vurulan ziyan milyardlarla dəyərindədir. Həmin obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazım gələcək. Üstəlik Azərbaycan sözügedən ərazidə hərbi üstünlüyə nail olub, belə ki, həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Bununla da Ermənistanın daha bir şansı fiaskoya uğrayıb. Başqa sözlə, artıq nə indi, nə də gələcəkdə Ermənistan həmin ərazidən Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək.

Etiraf edilməlidir ki, sözügedən təxribat Erməistan dövlətinə baha başa gəlib. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib ki, Ermənistanın yersiz təxribatları bu dövlətin məhvinə aparır. Heç bir iqtisadi inkişafa malik olmayan, daha doğrusu iqtisadiyyatı tənəzzülə uğrayan, diasporanın dotasiyası hesabına ayaqda duran Ermənistan bu kimi hərəkətləri ilə özünü çıxılmaz vəziyyətə salır. Elə sonuncu təxribat zamanı da Ermənistan silahlı birləşmələrində yüzlərlə hərbçi həyatını itirdi, yaralılar oldu. Müqayisə baxımından, Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan qat-qat çox oldu. Ümumilikdə "Qətiyyətli cavab" əməliyyatı uğurla başa çatdı.

Onu da qeyd edək ki, son zamanlar Ermənistan ciddi cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma  hazırlaşması müşahidə olunurdu.  Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Azərbaycan Ordusu məhz Ermənistanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyat gerçəkləşdirməklə, bütün bu planları alt-üst etdi. Artıq Ermənistan hansı oyun oynadığının fərqində olmalı, başa düşməlidir ki, Azərbaycanın haqq işində təcavüzkar dövlətə heç kim dayaq durmayacaq. Odur ki, ölkə lideri Paşinyanın ardıcıl olaraq dünya dövlətləri və beynəlxalq təşkilatların rəhbərlərinə zəng edərək yardım dilənməsi Azərbaycanı fakt qarşısında qoya bilməz.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31