Milli Vəhdət Partiyası beynəlxalq təşkilatlara çağırış etdi

"44 günlük Vətən müharibəsində məğlubiyyətə düçar olaraq kapituliyasiya aktına imza atmış Ermənistan nəinki üçtərəfli bəyənatın şərtlərini icra etmir, hətta dövlət sərhədində təxribatlar törətməkdə davam edir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tələblərini kobud şəkildə pozan Ermənistan mütəmadi olaraq hərbi təxribata əl atır, Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdidlərini davam etdirir". "Olaylar" xəbər verir ki, bu fikir Milli Vəhdət Pariyasının 12 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatla bağlı yaydığı bəyənatda əksini tapıb. Sənəddə qeyd olunur ki,  Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 2022-ci il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Azərbaycan Respublikası Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusu Ermənistan tərəfindən törədilmiş müxtəlif yönlü təxribatların qarşısını qətiyyətlə alıb və qarşı tərəfin atəş nöqtələri susdurulub:

"Azərbaycanın başqa dövlətin ərazisini işğal etmək niyyəti yoxdur, lakin onun sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən qətiyyətli tədbirlər həyata keçirmək onun suveren hüququdur. Bu baxımdan Milli Vəhdət Partiyası dünya ictimaiyyətini və beynəlxalq təşkilatları regionda baş verən proseslərə obyektiv yanaşmağa, Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisinə müdaxilə etməsinə yol verməməyə müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünə və suveren hüquqlarına hörmətlə yanaşılmasına çağırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31