"Ermənistan artıq anlayacaq ki, sülhə məcburdur" ÖZƏL

"Sərhəddə insidentin yaşanması gözlənilən idi. Çünki ən son görüşdən - İlham Əliyevlə Nikol Paşinyan arasındakı "Brüssel" görüşündən sonra açıq-aydın bəlli oldu ki, konkret razılaşmalar əldə olunmadı, bununla bərabər, ortada ciddi fikir ayrılıqları mövcud idi. Bu fikir ayrılıqlarının irəlidə anlaşmazlıq olaraq ortaya çıxacağı və insidentə səbəb olacağı bəlli idi". 

Olaylar.az xəbər verir ki, bu sözləri açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.

"Ermənistan tərəfi Azərbaycan sərhədində kütləvi toplaşma həyata keçirirdi: canlı qüvvə və hərbi texnika yığırdı, orada hərbi gücünü artırırdı. Bütün bunlar Azərbaycan tərəfindən təhdid olaraq qarşılanırdı. Ermənistan təxribatına cavab olaraq Azərbaycana təhlükə ola biləcək həmin kütləvi toplanma məntəqələrini, nöqtələri dağıdılmaqla Azərbaycan həm gələcəkdə baş verə biləcək daha ciddi təxribatlardan özünü sığortaladı, həm də bir növ düşməni sülhə məcbur etmə əməliyyatı olaraq qarşı tərəfə gözdağı vermiş oldu. Bu gözdağı Ermənistan tərəfində hər hansı bir münaqişədə Azərbaycana qalib gəlməyin mümkün olmadığını və Azərbaycandan nə isə qopara biləcək gücdə olmadıqlarının fərqinə varacaqları ilə nəticələnəcək və özləri də başa düşəcəklər ki, artıq 1990-cı illər deyil! 

Ümumiyyətlə, dünyadakı siyasi vəziyyət də buna icazə vermir, beynəlxalq siyasətdə vəziyyət hal-hazırda o qədər gərgindir ki, erməniləri beynəlxalq hüquqa bağlı olaraq müdafiə edə biləcək tək ölkə Rusiyadır. Rusiya özü də Ukrayna ilə çox pis məğlubiyyətlər ilə üzləşib və rus ordusu yalnızca məğlub olmur, eyni zamanda qaçır. Bu da "dünyanın ən böyük ikinci ordusu", "yenilməz rus ordusu" mifləri haqqında çox böyük utanca səbəb olur. Rusiyanın özünün kifayət qədər problemləri olduğu belə bir məqamda Ermənistana kömək etmək iqtidarında olsa belə, belə bir maraqda olacaqmı? Bu özü böyük bir sualdır. Ermənistan tərəfi bunu hesaba qataraq qərar verəcək. Eyni zamanda, Ermənistanın avropadakı havadarları da Azərbaycan və Ermənistan münaqişəsinə birbaşa müdaxilə edə bilməz. Çünki həm coğrafiya, sərhəd olaraq çox uzaqdadırlar, həm də ,ümumiyyətlə, onların nə dövlətlərarası ikili müqavilə, nə də beynəlxalq müqavilə şəklində Ermənistanı müdafiə etməklə bağlı heç bir hüquqi öhdəlikləri yoxdur. Bu kimi halları nəzərə alaraq yekun olaraq bunu deyə bilərik ki, dünənki hərbi əməliyyatlar Azərbaycanın Ermənistan üzərində təzyiqlərini daha da artıracaq və Ermənistan artıq anlayacaq ki, sülhə məcburdur, bundan başqa yol yoxdur, artıq hərbi güclər nisbətində də məğlub olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31