Ermənistanın məqsədi sülh müqaviləsinə mane olmaqdır - ÖZƏL
13 Sentyabr 2022 14:40 Siyasət"Dünən gecə saatlarından etibarən Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Laçın, Kəlbəcər və Daşkəsən istiqamətindəki bölmələrimizə qarşı irimiqyaslı təxribatlar həyata keçirib, mövqelərimiz iriçaplı silahlardan atəşə tutulub. Hətta düşmən qüvvələri bir qədər də irəli gedərək ərazilərimizi yenidən minalamağa cəhd göstərib. Ermənistanın siyasi rəhbərliyinin dövlət sərhədində həyata keçirdiyi təxribatlarda məqsəd sülh müqaviləsinin imzalanmasına, eləcə də 44 günlük Vətən müharibəsindən sonra azad edilən ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işlərinə mane olmaqdır".
Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Vüqar İsgəndərov Ermənistanın dövlət sərhədində həyata keçirdiyi son təxribatlara münasibət bildirərkən səsləndirib. Millət vəkili qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri də öz növbəsində erməni təxribatlarına qətiyyətli cavab verib: "Yayılan xəbərlərdən də aydın olduğu kimi həyata keçirdiyi təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əməliyyat nəticəsində Ermənistan tərəfi böyük itkilərlə üzləşib".
Vüqar İsgəndərov deyir ki, baş vermiş hadisələrə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin Dəmir Yumruğu yerindədir. Hələlik Ermənistana şapalaq dəyir. Əgər Dəmir Yumruq yenidən işə düşərsə, o halda Ermənistanın bir dövlət kimi qalıb-qalmayacağı sual altına düşə bilər".