Ermənistanın təxribatları revanşizmdən qaynaqlanır – Aydın Hüseynov
13 Sentyabr 2022 13:58 Siyasət"İşğalçı və məğlub Ermənistan dünyanın gözü qarşısında təxribatlar törədir, vəziyyəti gərginləşdirir, insan itkilərinə səbəb olur. Rəsmi İrəvan 30 il Azərbaycan torpaqlarını işğalda saxladı, bir milyona yaxın azərbaycanlını doğma yurd yuvasından didərşin saldı, 30 minə yaxın soydaşımızın ölümünə, itkin düşməsinə səbəb oldu, Qarabağda və Şərqi Zəngəzurda bütün infrastrukturu dağıtdı, məhv etdi, amma dünya buna susqun qaldı. Azərbaycan sülh yaratmaq, dinc yaşamaq üçün cəhdlər etdi, amma Ermənistan BMT TŞ-nin 4 qətnaməsini qulaqardına vuraraq torpaqlarımızdan çıxmaq istəmədi, əksinə işğalı davam etdirəcəyini açıq şəkildə bildirdi, yenə də dünya birliyi, beynəlxalq qurumlar görməzdən gəldilər. ATƏT-in Minsk qrupu isə daha biabırçı bir fəaliyyətə imza atdı, 28 il "turist səfərləri" ilə bir iş görmək istəmədiklərini hər addımda sübut etdilər. Və Azərbaycan sülh yolunun tükəndiyinə əmin olandan sonra torpaqlarını hərbi yolla azad etməyi qarşısına məqsəd qoydu və istəyinə çatdı. Kimsə, dünya birliyinin üzvü olan heç bir dövlət öz ərazilərində təmizləmə, işğaldan azadetmə əməliyyatları aparan Azərbaycana etiraz etmədi. Dünən gecə baş verən erməni təxribatı da İrəvanın xislətindən, işğalçı əməllərindən xəbər verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Millət vəkili qeyd edib ki, Ermənistanın məqsədi sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Böyük Qayıdışını ləngitməkdir: "Öncədən vurğulayaq ki, Ermənistan məqsədinə nail ola bilməyəcək. Azərbaycan Silahlı Qüvvələri təxribatların qarışısını almağa qadirdir. Ordumuz keçirdiyi əməliyyatlarla "dəmir yumruq"un hələ də yerində olduğunu sübut etdi. Ermənistan Azərbaycanın tərtib etdiyi qaydaları, yeni reallıqları pozmaq istəyində ola bilər, amma onu həyata keçirməq iqtidarında deyil. Azərbaycanın gücü, nüfuzu və mövqeyi həlledicidir. Brüssel görüşündən sonra baş verənlər bir daha Ermənistanın sülh müqaviləsindən yayınmağa çalışdığını göstərir. İrəvanda revanşist meyillərin daha da gücləndirməklə suyu bulandırmağa çalışır. Halbuki, avqustun 31-də keçirilən üçtərəfli görüşdə razılaşdırılan məsələlər Qafqazda sülhün əldə edilməsinə ümidləri artırmışdı. Həmin danışıqlardan sonra Azərbaycan humanizm nümayiş etdirərək 5 erməni hərbiçisini qarşı tərəfə təhvil vermişdi. Bu, Azərbaycanın Ermənistanla sülh yaratmaq istəyində olduğuna bir işarə idi. Amma Azəbaycanın humanist və sülhsevər mövqeyini Ermənistan rəhbərliyi başqa istiqamətə yönəltməyə cəhd etdi və yenidən təxribata əl atdı. Bu əməli ilə, Ermənistan sülhdə deyil, qarşıdurmaya meylli olduğunu nümayiş etdirdi. Bu isə İrəvanın özü üçün ziyanlıdır. Çünki Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir".