"Ermənistan 44 günlük müharibədən aldığı dərsdən nəticə çıxarmayıb"- ÖZƏL

"Ermənistanın bu təxribatının gerçək məqsədi sülh müqaviləsi ilə bağlı Paşinyanın üzərinə götürdüyü öhdəlikdən yayınmaq cəhdidir. Növbəti təxribatın əsas qayəsini bu təşkil edir. Təxribat  arealının Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərindən seçilməsi də bunu bir daha təsdiqləyir. Eyni zamanda erməni mediası feyk informasiya ilə guya Azərbaycan tərəfi hücum edib kimi fikirlər tirajlayır. 
Məlumdur ki, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin Laçın və Kəlbəcər rayonları istiqamətində təxribatları davamlı xarakterdə olub. Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan atəşə tutulub. Ermənistan tərəfi Azərbaycanla  sərhəd boyu ağır artilleriya vasitələri və şəxsi heyət cəmləşdirməsi ilə bağlı da informasiyalar mütəmadi olaraq yayılıb"

Bu sözləri Olaylar.az-a açıqlamasında "Cümhuriyət" qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri Rəfael Becanov deyib.
Ermənistan 44 günlük müharidən aldığı dərsdən nəticə çıxarmayıb. Hələ anlamaqda çətinlik çəkirlər ki, geriyə yol yoxdur. Ermənistanın mövcud hakimiyyəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məhkumdur. İstər Brüssel razlaşmaları, istərsə Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlardan hər hansı təxribat vasitəsilə yayına bilməyəcəklər. Ona görə ki, istər Brüsselin, istərsə də Rusiyanın vasitəçiliyi ilə razılaşdırılan məqamlar Ermənistanın Azərbaycana "hədiyyəsi", yaxud vasitəçilərin xahişi ilə əldə olunan güzəşt deyil, Azərbaycanın 44 günlük müharibədə qazandığı hərbi zəfərin diplomatik davamıdır. İndi Ermənistan yenidən nə istəyir? Növbəti dəfə "Dəmir Yumruq"mu? 
Paşinyan hökumətinin verdiyi vədə əməl etməkdən başqa çıxış yolu yoxdur. Aparılan danışıqların bir sonucu olmalıdır. Qarabağ sorunu qədər sülh prosesini uzatmağa Azərbaycanın nə zamanı, nə də həvəsi var. Növbəti 30 il Azərbaycana lazım deyil. Proses tezliklə finala çatmalıdır, Ermənistan isə sülh müqaviləsini imzalamağa məhkumdur. Çünki Ermənistan sülhə məcbur ediləcək, amma məcburi sülh Ermənistan üçün növbəti kapitulyasiya aktı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31