Ermənistan üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir

"Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatı pisləyirəm. Bu həssas və gərgin zamanda xalqımız birlik və həmrəylik nümayiş etdirməlidir. Çünki, Ermənistan belə görünür ki, xoş dil və rəftardan anlamır və biz onları sülhə məcbur etməliyik. Ermənistanın təxribatları dayanmır və üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir". "Olaylar" xəbər verir ki, bunu Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib. O, bildirib ki, bu günə qədər Ermənistan silahlı birləşmələri Qarabağda qalmaqda davam edir. Ermənistan  Qarabağda yaşayan ermənilərlə ayrıca çəkilmiş keyfiyyətli yol vasitəsilə gediş-gəliş edə bilir. Ermənistan isə Naxçıvana quru və dəmiryolu dəhlizi açacağı ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən də imtina edir: "Ermənistan Azərbaycanın israrlı sülh təkliflərinə qarşı etinasız davranır və hər gün məntiqsiz və mümkün olmayan yeni şərtlər irəli sürür. Ona görə də Ermənistanın təxribatlarına layiqincə cavab verməliyik və ordumuz bunu edir. Artıq Ermənistana ərazi iddiası irəli sürmək zamanıdır. Zəngəzur və Göyçə keçən əsrin əvvəllərində Azərbaycandan alınaraq Ermənistana verilib. Yüz minlərlə vətəndaşımız evindən, yurdundan didərgin düşüb. İndi ora qayıtmaq zamanıdır.  Zəngəzur və Göyçə Azərbaycandır və biz ora dönməliyik.  Naxçıvana Ermənistandan dəhliz istəməli deyilik, sadəcə tarixi torpağımızı geri qaytarıb Azərbaycanı Naxçıvanla quru sərhədi vasitəsilə birləşdirməliyik. Ermənistana dəstək verən və Azərbaycana qarşı diş qıcayan xarici dövlət və Ermənistan havadarlarına dəstək verənlərə üzümü tutub deyirəm. Gözünüzü açın Ukraynaya baxın, Gürcüstana, Moldovaya baxın, dəyişən və ədalətsizlik burulğanına çevrilən dünyaya baxın. Bunu sizlər etmisiniz. Sizlər beynəlxalq hüququ ayaqlar altına salıb tapdalayanda, ikili standartlar həyata keçirəndə hır şey bərbad oldu və olur. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini nəyin bahasına olursa-olsun qoruyacaq və sizlərdən icazə istəməyəcək. Sizlər hakimlik rolunu saxta qərarlar verməklə çoxdan itirmisiniz. Milli Cəbhə Partiyası - MCP ordumuzun, xalqımızın və Ali Baş Komandanın yanındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31