Nə qədər ki, Qarabağda qeyri-qanuni erməni hərbi birləşmələri qalmaqdadır..
12 Sentyabr 2022 14:32 SiyasətVüqar Əhmədov: "Onlara qarşı Azərbaycan ordusu tərəfindən əməliyyatların keçirilməsi hər zaman gündəmdədir"-ÖZƏL
"Görünür ki, ermənilər Azərbaycanın Kəlbəcər və Laçın şəhərində möhkəmlənməsindən narahat olublar. Ola bilsin hansısa qüvvələr onları arxayın etmişdir ki, ermənilər orada qala biləcəklər. Lakin onlara üçtərəfli razılaşmanı və Kəlbəcər və Laçının qədim Azərbaycan torpaqları olduğunu tez-tez xatırlatmaq lazımdır". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov Ermənistanın mütəmadi olaraq Kəlbəcər və Laçını atəşə tutması fonunda Azərbaycan Ordusunun yeni bir antiterror əməliyyatı həyata keçirməsi mümkünlüyünə münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, Kəlbəcər və Laçına tezliklə həyat qayıdacaq və azərbaycanlılar yenidən öz yurd-yuvalarında məskunlaşacaqlar: "Lakin nə qədər ki, Qarabağda qeyri-qanuni erməni hərbi birləşmələri qalmaqdadır, onlara qarşı Azərbaycan ordusu tərəfindən əməliyyatların keçirilməsi hər zaman gündəmdədir. Azərbaycanın mövqeləri davamlı şəkildə atəşə tutulur, bu isə üçtərəfli razılaşmalara və 10 Noyabr sazişinə ziddir. Rusiya sülhməramlıları o şərtlə Qarabağa müvəqqəti daxil olublar ki, erməni qanunsuz silahlı birləşmələri oranı tərk etsin. Əgər yenidən atəş səsləri eşidilirsə, bu öz növbəsində Rusiya sülhməramlılarına qarşı da yönəlmiş bir addımdır. Erməni təxribatçılarının bu addımları Azərbaycan ordusunu Qarabağda tam təhlükəsizliyi təmin etməyə məcbur edir".
Vüqar Əhmədovun sözlərinə görə, Qarabağdakı erməni təxribatçılarının bu əməlləri şübhəsiz ki, bölgədə vəziyyəti yenidən gərginləşdirməyə xidmət edir və Ermənistan-Azərbaycan arasında gedən danışıqların ruhuna ziddir: "Rəsmi Bakı hələ ki, bütün məsələlərin siyasi və diplimatik yolla çözümünə çalışır və hər dəfə Ermənistana bu istiqamətdə şans verir. Lakin diplomatik imkanlar tükənəndə ordu hərəkətə keçir, necə ki, 44 günlük müharibədə biz bunun şahidi olduq".