Deputatlarımız AŞPA -da çıxış edəcəklər
10 Sentyabr 2022 11:34 SiyasətAŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin 12-13 sentyabr, Monitorinq komitəsinin 14-15 sentyabr tarixlərində keçiriləcək iclaslarında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Asim Mollazadə iştirak edəcəklər.Olaylar xəbər verir ki,
Siyasi işlər və demokratiya komitəsinin iclasında region ölkələrindəki mövcud vəziyyətin siyasi təsirləri, Avropa siyasi arxitekturasının təməl daşı kimi Avropa Şurasının rolunun möhkəmləndirilməsi və digər Avropa perspektivləri mövzularında məruzələrin dinlənilməsi, müzakirələrin aparılması, müvafiq qərarların qəbul edilməsi nəzərdə tutulub.
Monitorinq komitəsinin iclasında bir sıra üzv ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsi və qurumun monitorinq prosedurları ilə bağlı məsələlərə baxılacaq.
İclaslarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin Albaniya üzrə həmməruzəçisi Asim Mollazadə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.