Azərbaycan Mərkəzi Asiya üçün ƏSAS AKTORA ÇEVRİLİR - Vacib sənədlər ...
26 Avqust 2022 15:21 Siyasət"Mövcud geosiyasi reallıqlar hər bir ölkənin milli təhlükəsizlik maraqlarını təmin etmək baxımından xarici siyasətinə fundamental baxış keçirməyi zəruri etdi. Digər dövlətlərin illərlə formalaşdırılan baxış bucaqlarına ediləcək dəyişiklik türk dövlətləri üçün əlavə bir amillə - Qarabağ Zəfəri ilə daha da təkan verdi".
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Qazaxıstan həm Türkiyə ilə birlikdə, həm də ayrılıqda, ikitərəfli kontekstdə Azərbaycanla əlaqələri genişləndirir:
"Beynəlxalq sistemin yenidən qurulması istiqamətində yeni təşəbbüslər irəliləməkdə davam edir. Reallıq onu göstərir ki, Azərbaycan bu işdə əsas aktorlardan biridir. Bu baxımdan Azərbaycan Mərkəzi Asiya üçün də yeni vektora çevrilib. Qazaxıstan üçün Azərbaycan Cənubi Qafqaza, Gürcüstana, Türkiyəyə, Yaxın Şərqə marşrut kimi vacibdir. Eyni şəkildə Qazaxıstan da Azərbaycan üçün çox vacibdir. Yəni, iki ölkə arasında bu əməkdaşlıq tamamilə qarşılıqlı faydalı əməkdaşlıqdır.
Qazaxıstan, Türkmənistan və Özbəkistan həm Türkiyə ilə birlikdə, həm də ayrılıqda, ikitərəfli kontekstdə Azərbaycanla əlaqələri genişləndirir. Ölkələr arasında ikitərəfli iqtisadi əməkdaşlıq nəqliyyat, logistika və əmtəə-iqtisadi əlaqələr sahəsində keyfiyyətcə yeni inkişaflar hesabına möhkəmlənir. Əsas yol Xəzər dənizindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz boyunca keçir.
Ətraflı
Novorossiysk məhkəməsinin ekoloji problemləri əsas gətirərək Qazaxıstan neftinin ixrac olunduğu Xəzər Boru Kəməri Konsorsiumunda yaranan problemləri Qazaxıstanı əlavə yollar axtarmağa daha da vadar etdi. Əlavə olaraq Rusiyaya tətbiq edilən sanksiyaların təzyiqi Qazaxıstanın ixrac kanallarının şaxələndirilməsi uzunvədəli hədəfinə daha da təkan verdi.
Tengiz-Novorossiysk şaxələndirilməlidir ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri boyu şaxələndirmə işini illərlə uğurla həyata keçirən Azərbaycan Qazaxıstan üçün yeni, alternativ çıxışdır. Qazaxıstan neftinin və qazının ixrac marşrutlarının şaxələndirilməsi prosesinin sürətləndirilməsi lazımdır. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Türkiyə və Qərb bazarlarına çıxışı təmin edilə bilər.
Bir reallıq var ki, Bakı-Tbilisi-Ceyhan vasitəsilə vurulan neftin həcmi minimaldır. Odur ki, Qazaxıstanın Xəzərin dibi ilə boru xəttinin olmaması reallığı kontekstində kəmərin genişləndirilməsinə, ən əsası isə tanker parkının yaradılmasına investisiya qoymaq lazımdır. Bu istiqamətdə işlərə başlanılıb və Kasım-Jomart Tokayevin heç bir mübaliğəsiz tarixi hesab olunan səfəri zamanı da açıq şəkildə bildirdiyi kimi Qazaxıstan tərəfindən əməkdaşlığın nəqliyyat-logistika istiqamətinin inkişafına mütləq mənada maraq var.
İki ölkə arasında əməkdaşlığın 2026-cı ilə qədər inkişaf etdirilməsi proqramı bu işdə mühüm rol oynayacaq. Hazırda iki ölkənin malik olduğu ticarət-iqtisadi dövriyyə iki qonşu ölkə arasında münasibətlərin potensialına heç də uyğun gəlmir. Bu məsələ də görüşdə vurğulandı və bildirildi ki, əmtəə dövriyyəsi 1 milyard dollar dəyərində hədəflənir. Deməli, imzalanan sənədlər təkcə deklarativ deyil, həm də kifayət qədər konkret xarakter daşıyır.
Qazaxıstan Xəzərdəki Aktau limanının genişləndirilməsinə də aktiv şəkildə sərmayə qoymağa başlayıb ki, məqsəd Qazaxıstanın enerji resurslarının Azərbaycan, Türkiyə vasitəsilə Avropaya ixracının artırılmasıdır. Transxəzər marşrutu geniş vüsət alır ki, sözügedən beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə gedib çıxır.
Mərkəzi Asiyada nizam, sabitlik, inkişafın olması və bunların türk dövlətlərinə müsbət sirayət etməsi baxımından Qazaxıstan vacib aktor, onun yürütdüyü siyasət isə son dərəcə mühüm amildir. Azərbaycan bir tərəfdən Mərkəzi Asiya dövlətləri ilə çalışırsa, digər tərəfdən Xəzərin şərq hissəsində Türkiyənin iqtisadi və siyasi əlaqələrinin inkişafına kömək edir. Bu məsələ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsindən sonra daha da aktuallaşdı, sistemli hal aldı. Qazaxıstan-Azərbaycan münasibətlərində ziddiyyət, ciddi problem yox idi, lakin bu səfər iki qardaş ölkəni bir-birinə daha da möhkəm bağladı".