Yeni saziş Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri yeni mərhələyə qaldıracaq
19 May 2022 16:26 SiyasətAzərbaycan bütün tərəfdaş ölkələrlə, yaxın-uzaq qonşularla qarşılıqlı faydalı əməkdaşlıq quraraq bu əməkdaşlığı bütün təırəflər üçün ən yüksək səviyyəyə qaldırır. İstər dost-qardaş Türkiyə, istər yaxın qonşularımız Rusiya, İran, eyni zamanda Gürcüstan, istərsə də uzaq Avropa və Amerika ilə sıx əməkdaşlıq mühiti yaradıb bu əlaqələri hər ötən gün yeni bir mərhələyə qaldırır. Bu mənada Avropa İttifaqı ilə əməkdaşlıq da xüsusi önəm kəsb edir.
Artıq uzun illərdir ki, Azərbaycan Avropa İttifaqı ilə yüksək səviyyəli əməkdaşlıq qurub və bu əməkdaşlıq uğurla inkişaf edir. İldən-ilə yenilənən və münasibətləri bir qədər də yaxınlaşdırıb dərinləşdirən Azərbaycanla Avropa İttifaqı arasında imzalanan sazişlər də bu mənada mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, artıq yeni saziş üzrə danışıqlar yekunlaşmaq üzrədir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan yeni sazişdə tərəflər enerji, nəqliyyat təhlükəsizliyi məsələlərini, ticarət münasibətlərini genişləndirməyi nəzərdə tutacaq və bu istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlıq edəcəklər.
Yaxın tarixə nəzər yetirsək görərik ki, ümumiyyətlə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər bir qayda olaraq isti atmosferdə olub. 1996-ci ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) ilə qurulan . Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında geniş spektrli əməkdaşlığın ilk hüquqi əsası Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin 1 iyul 1999-cu il tarixindən qüvvəyə minməsi ilə qoyulub. TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərə yeni təkan verib. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tuturdu.
TƏS-ə əsasən, Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılıb.
Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində irəliyə doğru atılmış daha bir addım isə Avropa Qonşuluq Siyasətidir. (AQS). Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Avropa İtiffaqı Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olub.
Heç kimə sirr deyil ki, bu gün Azərbaycan qədər də Avropa İttifaqı rəsmi Bakı ilə əməkdaşlıqda maraqlıdır və bu əməkdaşlığı hər ötən gün daha da inkişaf etdirmək istəyir. Çünki Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan xüsusi yer tutur. Bu gün Rusiya ilə demək olar ki, düşmən münasibətlərdə olan Avropanın Azərbaycanın enerji resurslarına daha çox ehtiyacı hiss edilir. Ona görə də Avropa İttifaqı regionda Azərbaycana əsas strateji tərəfdaşı kimi baxır. Ona görə də Avropa İttifaqına daxil olan ölkələrin mütləq əksəriyyəti rəsmi Bakı ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Məlumat üçün qeyd edək ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu göstərici isə Avropa İttifaqına üzv dövlətlərin üçdə biri deməkdir.
Eyni zamanda Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və qurumla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi hər ötən il bir qədər də artmaqdadır.
Elə Avropa İttifaqında da hesab edirlər ki, yeni saziş qurumla Azərbaycan arasında münasibətləri yeni mərhələyə qaldıracaq. Qurumda hesab edirlər ki, hətta Azərbaycanla gələcək əlaqələrlə bağlı hüquqi baza mövcuddur. Yeni saziş də tezliklə imzalanacaq. Hər iki tərəfdə bu sazişin tez bir zamanda imzalanması üçün maraq var.
Füzuli