Rusiya Ukraynada məğlub durumda
19 May 2022 15:11 SiyasətƏks-hücum əməliyyatı Rusiya dövlət sərhədinə qədər çatıb
Rusiya-Ukrayna arasında artıq üçüncü aydır ki, müharibə davam edir. Bu il, fevral ayının 24-də başlayan müharibənin hələ bir müddət davam edəcəyini indi hər kər proqnozlaşdırır. Çünki tərəflərin Türkiyənin vasitəçilik təklifinə olan münasibəti və yüksək səviyyəli görüşlərdən imtinası belə deməyə əsas verir.
Rusiya bütün hərbi gücünü Ukraynada sərgiləyib çox ciddi itkilər verməsinə baxmayaraq istədiyi uğuru əldə edə bilmədiyi halda, Kiyev son həftələrdə hərbi əməliyyatların gedişini öz xeyrinə daha çox dəyişə bilib. Xarici müttəfiqlərinin hərbi dəstəyi ilə arsenalını zənginləşdirən Ukrayna artıq bir neçə istiqamətdə Rusiya ilə dövlət sərhədinə qədər irəliləməyə müvəffəq olub və Rusiyanı çox ciddi itkilərlə üzləşdirib. Kiyev tərəfinin verdiyi açıqlamalara inansaq, məlum olur ki, 3 aylıq müharibə zamanı Rusiya 30 minə yaxın canlı qüvvə itkisi verib. Həmçinin yüzə yaxın hava qüvvəsi, qırıcı təyyarə, vetolyot və digər bu kimi hərbi vasitələr Ukrayna tərəfindən zərərsizləşdirilib. Hətta yaxın günlərdə Ukraynanın ciddi əks hücuma keçərək Rusiya ordusunu bütün istiqamətlərdə dövlət sərhədinə qədər uzaqlaşdıracağı da indi ən çox səslənən ehtimallar sırasındadır. Əslində bunun baş verməsi üçün kifayət qədər imkan da var. Çünki müttəfiqləri qeyd etdiyimiz kimi son həftələrdə Ukraynaya kifayət qədər hərbi yardım göndərib. Hətta hazırda Ukraynanın hərbi arsenalında olan silahların müharibə başlamazdan əvvəlki dövrlə müqayisədə daha çox olduğu da bildirilir. Elə buna görə də indi Kiyev kompromisdən daha çox, müharibənin davam etməsində maraqlıdır. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyakın tviterdə yazdıqları da bunu deməyə əsas verir. Podolyak qeyd edib ki, Rusiya qoşunları Ukraynadan çıxmayanadək atəşkəs mümkün deyil. Ukrayna ictimaiyyəti yeni "Minsk"in (Ukraynanın şərqindəki silahlı münaqişənin nizamlanmasına yönəlmiş kompleks tədbirlərin yerinə yetirilməsi üzrə razılaşmalar) yaranmasında və bir neçə ildən sonra müharibəyə yenidən qayıtmaqda maraqlı deyil.
Ancaq görünən odur ki, Ukraynanın əkshücum cəhdlərinə baxmayaraq Rusiya Ukrayna torpaqlarından hələ ki tam çıxmağa hazır deyil. Ona görə də Kiyev Avropa və Amerika ilə sıx təmasları davam etdirir. Hazırda Kiyevlə müttəfiqləri arasında aparılan danışıqlar platformasında Ukraynaya silah, pul verilməsi, Rusiyaya sanksiyalar tətbiq olunması var. Hər ötən gün Rusiyaya qarşı artan sanksiyalar Moskvanı çətin iqtisadi sınaq qarşısında qoysa da, Kreml hələ ki, Ukrayna inadından geri dönmək niyyətində görünmür.
Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib. Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb. 2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın "denasifikasiya və demilitarizasiyası" (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk "respublikalarının ərazi bütövlüyünün" təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada "xüsusi hərbi əməliyyat" adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.
Eyni zamanda, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.
Məhəmməd