Azərbaycan-Türkiyə qardaşlığı regionun geosiyasi simasını dəyişdi

Tarixi dostluq, dövlətlərarası qardaşlıq, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri zaman keçdikcə siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla daha da möhkəmlənməkdədir. 


Politoloq İlyas Hüseynovun sözlərinə görə, hazırda da Türkiyə ilə münasibətlər inkişaf etdirilir və bütün xarici siyasət ilə bağlı atılan addımlarda, təhlükəsizlik sahəsində olan mühüm aspektlərin yerinə yetirilməsində hər iki qardaş dövlət məsləhətləşmələr həyata keçirdir:
"Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər dostluq və qardaşlıq əlaqələrini özündə əks etdirir. Hər iki dövlət arasında olan bağlılıq tarixə, soykökə, dil, din, mədəniyyətə bağlıdır. Bu münasibətlərin əsasında hər iki dövlətin ortaq tarixi dayanır. Türk dünyasının böyük lideri Mustafa Kamal Atatürk "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" ifadəsini işlətməklə, Azərbaycana olan bağlılığını və xalqa olan məhəbbətini ifadə etmişdir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyev "bir millət-iki dövlət" strateji konsepsiyasını irəli sürməklə hər iki dövlət arasında olan münasibətlərin strateji əhəmiyyətini önə çəkmişdir. Tarixin bütün dönəmlərində Azərbaycan və Türkiyə ilə olan münasibətlər öz əhəmiyyəti ilə seçilmişdir və hər zaman Türkiyə Azərbaycana öz qardaş əlini uzatmışdır. Bu həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə belə olmuşdur, həm də Azərbaycanın müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra onun müstəqilliyini tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti olmuşdur.
Azərbaycan ordusunun təkmilləşdirilməsi işində Türkiyə böyük paya malikdir. Azərbaycanın regional kommunikasiya və enerji layihələrində bütün infrastruktur projelerində Türkiyə vasitəsilə Azərbaycan qərbə çıxır və bu xüsusda Bakı-Tbilisi-Ceyhan cənub qaz dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələrin adını çəkmək kifayətdir. Eyni zamanda, Azərbaycan həm də Türkiyə vasitəsilə avtomobil yolu ilə qərbə çıxış imkanı əldə edir. Bu baxımdan münasibətlər strateji əhəmiyyəti ilə seçilir.
Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək mühüm əhəmiyyət kəsb edirdi. 27 sentyabr tarixindən etibarən Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan öz bəyanatları ilə nümayiş etdirdi ki, hər hansısa digər dövlət Ermənistanın yanında yer almamalıdır, birbaşa olaraq münaqişəyə qoşulmamalıdır və əgər üçüncü dövlət Ermənistanın yanında yer alacaqsa, qarşısında Türkiyəni görəcəkdir. Bu çox mühüm bir bəyanat idi və Azərbaycanın gücünə güc qatırdı. Azərbaycan 44 gün ərzində öz doğma torpaqlarını düşmən tapdağından azad etdi və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında cənab Prezident İlham Əliyev ilə birlikdə iştirak etdi. Bu qələbənin paylaşılması, şəhidlərimizin yad edilməsi Azərbaycana göstərilən ehtiramın bir ifadəsi idi. 
Post-münaqişə reallıqları kontekstində Azərbaycan Türkiyə ilə işğaldan azad olunan mədəniyyət paytaxtımızda - Şuşa şəhərində "Şuşa Bəyannaməsi"-ni imzaladı və bu bəyannamə ikitərəfli münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldırır və keyfiyyətcə yeni müstəviyə çıxarırdı. Bu baxımdan "Şuşa Bəyannaməsi" dövlətlərarası münasibətlərdə çox mühüm rola malikdir və siyasi, iqtisadi, enerji, hərbi, humanitar, mədəniyyət, idman, gənclər siyasəti, qeyri hökumət təşkilatları və media sahəsində olan əməkdaşlığı özündə ehtiva edir. Xüsusilə informasiya müharibəsi sahəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək vətən müharibəsində mühüm əhəmiyyətə malik idi. Çünki Türkiyənin bütün kütləvi informasiya vasitələri, media orqanları Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bağlı keçirdiyi "Dəmir Yumruq" əməliyyatında bütün hadisələr işıqlandırılır, faktlar təhrif olunmadan dünya ictimaiyyətinə bildirilir və Azərbaycanın həqiqətləri geniş auditoriyaya çatdırılırdı. Bu baxımdan Türkiyənin Azərbaycan ilə imzaladığı media platforması da öz əhəmiyyətli rolu ilə seçilirdi.
Hazırda da Türkiyə ilə Azərbaycan arasında mühüm geostrateji layihələr icra olunur. Cənab Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışında iştirak etməsi və orada səslənən mühüm siyasi bəyanatlar ikitərəfli münasibətlərin dostluq və qardaşlıq telləri ilə bağlı olduğunu bir daha sərgiləyir və qarşıdakı mühüm hədəflərə çatmaq üçün xarici siyasətdə əlaqələrin koordinasiya olunduğunu göstərirdi. 
Hazırda da Türkiyə ilə münasibətlər inkişaf etdirilir və bütün xarici siyasət ilə bağlı atılan addımlarda təhlükəsizlik sahəsində olan mühüm aspektlərin yerinə yetirilməsində hər iki qardaş dövlət məsləhətləşmələr həyata keçirdir və Türkiyənin bütün dünyada gücünün artması, regional aktrdan qlobal aktra çevrilməsi işində əldə etdiyi böyük uğurlar Azərbaycanı və Azərbaycan xalqını da sevindirir. 
Türkiyə Rusiya-Ukrayna müharibəsinin dinc, siyasi, diplomatik yollarla tənzimlənməsində böyük xidmətlər göstərir və bununla dünyadakı rolu və imici bir qədər də artır. Türkiyənin dünya siyasi səhnəsində qazandığı nailiyyətlər təbii ki, rəsmi Bakı tərəfindən diqqətlə izlənilir və Azərbaycanın da gücünü artıran bir faktor kimi dəyərləndirilə bilər".


"Bakı-Xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev bildirir ki, Türkiyə -Azərbaycan əməkdaşlığının və münasibətlərinin analoqu ola biləcək ikinci bir dövlətlərarası münasibətlər modeli göstərmək mümkünsüzdür: 
"Həqiqətən bugünkü beynəlxalq münasibətlər sistemində heç bir qitədə, materikdə bir-biri ilə münasibətdə olan iki dövlətin adını çəkmək mümkün deyil ki, onların münasibətləri Azərbaycan ilə Türkiyənin münasibətləri səviyyəsində çoxcəhətli, dinamik və inkişafa meyilli, eyni zamanda, dərin olmuş olsun. Türkiyə-Azərbaycan münasibətləri daima artan, yüksələn, dərinləşən, ən müxtəlif istiqamətlərdə yeni budaqlar atan münasibətlər sistemidir. Bu münasibətlər bu gün iqtisadi, siyasi, sosial, mədəni, humanitar sahələrdə ən geniş əməkdaşları özündə ehtiva etməklə bərabər, həm də strateji xarakter almağa başlayıb. Bu xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan-Türkiyə münasibətləri ən ilkin formalardan başlayaraq artıq strateji dostluq və hərbi-siyasi müttəfiqlik səviyyəsinə qədər yüksəlib. Doğurdan da dünya tarixində və indiki beynəlxalq münasibətlər sistemində heç bir halda elə iki dövlət tapmaq mümkün deyil ki, onların münasibətləri Azərbaycan və Türkiyə qədər həmişə yüksəlməyə və dərinləşməyə meyilli olsun. Bu iki dövlətin münasibətlərində iqtisadi, ticarət, nəqliyyat, enerji sahəsində əməkdaşlıq xüsusilə dərin və perspektivli məzmuna malikdir. Ona görə ki, Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı və fəaliyyəti bütün Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdirdi. Bu gün doğurdan da Avropanın enerji təhlükəsizliyində çox böyük rol oynayan Azərbaycanın imkanları məhz Türkiyənin hesabına Avropanın ehtiyaclarını qarşılaya bilir. Başqa sözlə desək, bu gün Avropanın enerji ehtiyaclarının ödənilməsində Azərbaycanın, Xəzərətrafı hövzənin və Mərkəzi Asiya dövlətlərinin enerji potensialları nə qədər önəmli və əhəmiyyətlidirsə, bu əhəmiyyətli məqam məhz Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu sayəsində meydana çıxa bilir.
Azərbaycan-Türkiyə qardaşlığı regionun geosiyasi konfiqurasiyasını da dəyişdi. Yəni, vətən müharibəsinə qədər Azərbaycan-Türkiyə qardaşlığı, münasibətləri bir məzmunda idisə, indi heç kim şübhə etmir ki, vətən müharibəsindən sonra iki ölkənin əməkdaşlığı və qardaşlığı tam yeni bir mərhələyə daxil olub. Bu o deməkdir ki, müharibədə Azərbaycanın və Türkiyənin diplomatik-siyasi imkanlarının birləşdirilməsi regiondakı reallığı tamamilə dəyişdirdi və tam yeni bir reallıq yaratdı. Bu reallığın mahiyyəti ondan ibarətdir ki, indi bizim Qafqaz bölgəsində əgər müharibəyə qədər Ermənistan kimi hər an sabitliyi, təhlükəsizliyi poza biləcək bir təcavüzkar qüvvə var idisə, bu gün bu qüvvənin qabağında Azərbaycan-Türkiyə əməkdaşlığı formasında çox böyük neytrallaşdırıcı və zərərsizləşdirici bir güc var. Bu gün həqiqətən əgər vətən müharibəsinə qədər bölgəmizdə daha müharibənin taleyini həll eləmək imkanları Ermənistanın əlində idisə, bu gün bölgəmizdə daha çox sülhün və təhlükəsizliyin taleyini həll eləmək məhz Azərbaycan və Türkiyə tandeminin əlindədir. Bu tandem sayəsində Rusiyanın da Cənubi Qafqazda rolu daha çox pozitiv olmağa başlayıb. Açıq deyək ki, vətən müharibəsinə qədər bizim bölgəmizdə Rusiyanın əksər hallarda o qədər də məqbul olmayan siyasətindən danışılırdı. Amma vətən müharibəsindən sonra məhz Rusiya-Türkiyə tandeminin önə çıxması artıq bölgəmizdə Rusiya faktorunun da nisbətən daha çox pozitiv təsirlərindən danışmağa imkan verməyə başladı. Bu o deməkdir ki, Azərbaycan-Türkiyə münasibətləri regionumuzun həm bu günü, həm gələcəyi üçün həlledici əhəmiyyətə malikdir.
Eyni zamanda, daha geniş qlobal beynəlxalq münasibətlər sistemində Türkiyə və Azərbaycanın əməkdaşlığı yaradıcı və dəyişdirici gücə malikdir. Bu gün dünyanı çox narahat edən, beynəlxalq münasibətlərin prinsiplərində və beynəlxalq hüquq sistemlərində dəyişiklik islahatlarının aparılması ilə bağlı Azərbaycan və Türkiyə daima bir-biri ilə əlaqəli və birgə addımlar atır. Bunun nəticəsidir ki, artıq xüsusilə də BMT sistemində islahatların aparılması məsələsində Azərbaycan və Türkiyənin əməkdaşlığı, birgə mövqe nümayiş etdirməsi, öz təsirini, gücünü getdikcə artırmaqdadır. 
Bundan başqa İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan və Türkiyənin əməkdaşlığı yenə də öz sözünü deyir və güclü, təsirli amilə çevrilməkdədir.
Bir sözlə, Azərbaycan-Türkiyə əməkdaşlığı bu gün beynəlxalq münasibətlərin ən yeni səviyyəsində tamamilə yeni tipli, nümunəvi münasibətlər sistemidir və həm iqtisadi, həm siyasi, həm hərbi, həm də humanitar və mədəni sahələrdə əməkdaşlıq qurulması layihələri modelləri axtarılarkən, Azərbaycan-Türkiyə modeli ən önəmli model kimi qəbul oluna bilər".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31