4 ildə respublikamızın sosial inkişafı istiqamətində mühüm uğurlar əldə edilib
11 Aprel 2022 16:06 SiyasətPrezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinə uyğun olaraq aparılan islahatlar nəticəsində son 4 ildə əmək müqavilələrinin sayı 30 faiz və ya 400 minə yaxın, illik əməkhaqqı fondu 2 dəfədən çox və 2022-ci ilin ilk rübündə də 11,1 faiz artıb. 2018-2022- ci illərdə yeni və köklü sosial islahatlar, İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti vətəndaş rifahı və məmnunluğuna yönələn ciddi uğurlara yol açıb.
"Məlum olduğu kimi Azərbaycan əhalinin sosial müdafiəsi istiqamətində davamlı tədbirlər görülür. Bu tədbirlər ötən 4 il ərzində də davam etdirilib. Daha dəqiq desək, Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar nəticəsində ötən 4 ildə respublikamızın sosial inkişafı istiqamətində mühüm uğurlar əldə edilib".
Bunu Olaylar.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, 2018-ci ilin aprelində Azərbaycan xalqının böyük etimadı ilə yenidən dövlət başçısı seçilən cənab İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar ötən 4 illik dövrdə ölkənin sosial inkişafı istiqamətində mühüm irəliləyişləri təmin edib: "Bəhs edilən dövrdə ölkəmizdə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın, median əməkhaqqı 74 faiz artıb. Həmçinin, minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 65 faiz artım baş verib. Həssas qruplara yönələn müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi qruplar üzrə 3 dəfədən çox artıma nail olunub. Onu da qeyd edim ki, dövlət başçısının imzaladığı fərman və sərəncamlarla 2018-ci ildən sonra ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manat təşkil edir".
Deputat onu da bildirib ki, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının siyasətinin ana xəttini təşkil edir: "Ümumiyyətlə dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçısının fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyevin göstərişi ilə həmin kateqoriyadan olanların mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib.Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Mənzillə təminat proqramı Vətən Müharibəsi Qəhrəmanları, digər həssas qruplardan olanları (gözdən əlilliyi olanlar, dövlət uşaq müəssisələrinin məzunları) da əhatə edib. Onu da vurğulamağı özümə borc bilirəm ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olaraq Abşeron rayonunda yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələrinin məzunlarına verilib. Həmin binalarda 365 məzun mənzillə təmin olunub. Son illərdə müxtəlif ərazilərdəki yeni yaşayış komplekslərində də dövlət uşaq müəssisələrinin məzunlarının mənzillə təminatı həyata keçirilir. Bu da sosial proqramların əhatə dairəsinin daha da genişləndiyini göstərir. Eyni zamanda, son 4 ildə daha 1450-dək müharibə əlili minik avtomobili ilə təmin edilib və avtomobillə təmin edilən müharibə əlillərrinin sayı 7400-ə çatıb".
V.İskəndərov deyib ki, bütün bu sadalananlar bir daha dövlətimizin bu kateqoriyadan olan insanlara qayğısını əyani şəkildə nümayiş etdirir: "Dövlət başçımızın da bildirdiyi kimi Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır".