Millət vəkili Birinci Qarabağ müharibəsi qaziləri və veteranları ilə görüşüb
9 Aprel 2022 18:59 SiyasətMilli Məclisin deputatı Jalə Əhmədova Salyan rayonunda Birinci Qarabağ müharibəsi qaziləri və veteranları ilə görüşüb.
Jalə Əhmədovanın Deputat Qərargahından "OLAYLAR"-a dazxil olan xəbərə görə, görüşdə 52 nəfər qazi və veteran iştirak edib. Söhbət zamanı onlar şikayət və təkliflərlə çıxış edib, həmçinin narahat edən problemləri səsləndiriblər..
Görüşdə veteranlar Birinci Qarabağ müharibəsində keçdikləri döyüş yollarından da danışıblar. Qeyri-bərabər döyüş şəraitində, Vətənin azadlığı uğrunda son damla qanına kimi döyüşdüklərini, silah-sursat çatışmazlığı üzündən bəzən düşmənin üzərinə əliyalın belə getdiklərini vurğulayıblar.
Millət vəkili görüşdə hər bir iştirakçını ayrı-ayrılıqda dinləyib. Bildirib ki, Birinci Qarabağ müharibəsində o vaxtki dövlət rəhbərlərinin qeyri-peşəkarlığı, səriştəsizliyi və məsuliyyətsizliyi səbəbindən məğlub olsaq da, İkinci Qarabağ müharibəsini Möhtəşəm Zəfərlə başa vurduq:
"Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vaxtında qəbul etdiyi müdrik və qətiyyətli qərarlar, Rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti və döyüş hazırlığı sayəsində Qarabağımız 30 illik işğaldan qurtularaq azadlığına qovuşdu".
Jalə Əhmədova veteran və qazilərimizin diqqətinə onu da çatdırıb ki, Vətənimizin azadlığı uğrunda mübarizə aparmış hər bir şəxs və onların ailəsi daim dövlət rəhbərliyimizin diqqət mərkəzindədir və dövlətimizin siyasətinə uyğun olaraq bu yolda bacardığım köməkliyi əsirgəməyəcəyək.