Milli-dövlət maraqlarımızı təmin edən uğurlu səfər
8 Aprel 2022 12:42 Siyasət"Cənab Prezident İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər və onların nəticələri milli-dövlət maraqlarımızın ən yüksək səviyyədə qorunduğunu və təmin edildiyini göstərir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, görüşlərdə müzakirələrin əsasən Azərbaycan dövlətinin təkliflərinə uyğun olaraq aparılması ölkəmizin döyüş meydanında olduğu kimi, masada - siyasi-diplomatik sahədə də dominant olduğunu, danışıqların gündəliyini formalaşdırdığını sübut edir: "Azərbaycanın ilk şərtlərindən biri olan sərhədlərin delimitasiyasına başlanılmasına dair təklifin qəbul edilməsi və yaxınlarda işə başlanılması gərginliyi azaldacaq. Bu səfərdən çıxarılan daha bir nəticə ondan ibarətdir ki, İlham Əliyev diplomatiyası dünyanın ikinci güc mərkəzinin - Avropa İttifaqının Azərbaycanla daha sıx əməkdaşlığı üçün də yeni imkanlar yaradır, İttifaqın regionumuzda rolunu artırır. Avropa İttifaqı indi Qərbdə cərəyan edən hadisələr fonunda Azərbaycana daha çox ehtiyac duyur. Ən başlıcası, dünyanın ikinci güc mərkəzi Azərbaycan dövlətini və onun rəhbəri İlham Əliyevi regionun lideri, aparıcı gücü olaraq qəbul edir. Tarixən isə ədalətli və güclü olanlar lider olublar".