Brüssel görüşü Ermənistanı sülhə məcbur etmək üçün təsirli vasitə olacaqmı?

"Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriilmiş görüşlə bağlı ciddi müzakirələr davam edir. Real vəziyyəti təhlil etdikdə bu qənaətə gəlmək olardı ki, nəhayət erməni tərəfi çox tərəfli manevr siyasətindən əl çəkib Azərbaycanla sülhə nail olmaq üçün ciddi addımlar atacaq". Bunu "Olaylar"a deyən  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib ki, görüşdən geri dönən Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı ermənilərin müqədəratı ilə bağlı sayıqlamaları Brüssel görüşünün əhəmiyyətini heçə endirdi: "Rusiyadan  və  Ermənistandakı revanşist qüvvələrdən çəkinən Nikolun belə çıxışlar etməsi ermənilərin sülh prosesinə adam kimi qatılacağına inamı azaldır. Görünür Ermənistanı sülhə məcbur etmək üçün daha təsirli vasitələr üzərində düşünüb, dinamik proseslərə start vermək lazımdır. Bizi Azərbaycan vətəndaşı olaraq, Ermənistanın nəhəng iqtisadi layihələrə qoşulub-qoşulmaması o qədər düşündürmür. Bizi bu gündə, sabahda  düşündürən odur ki, Qarabağdakı erməni silahlı tör-töküntüləri  oranı tərk etməlidir. Regionun gələcəyinə hesablanmış ciddi təhlükə  həmin o erməni silahlı tör-töküntüləridir.

Real vəziyyət odur ki, Rusiya həm 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə,  həm də ondan sonrakı razılaşmaların tələblərinə riayət etmir. Deməli əsas hədəf  ondan ibarət olmalıdır ki, Rusiya ya imzasına hörmət edib Qarabağdakı erməni silahlı tör-töküntülərini oradan çıxarılmasına nail olmalıdır və  yaxud özü regionu, Qarabağı tərk etməlidir. Dünyada və regionda gedən çox gərgin proseslər,  xüsusilə, Rusiya-Ukrayna müharibəsi  bu məqamlara aydınlıq gətirəcək.  Biz davam edən prosesləri izləməklə kifayətlənməməliyik. Heç vəclə imkan verməməliyik ki, Ermənistanın baş naziri Nikol Paşinyan manevr siyasətini davam etdirib  özləri üçün yetişən zamanı gözləsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31